YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP və AK Partinin birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları” mövzusunda birgə konfrans keçirilib (VİDEO)

Fevralın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları” mövzusunda videokonfrans keçirilib.

Əvvəlcə konfransın moderatorları, YAP-ın Türkiyə üzrə koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən və AKP-nin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Türkiyə parlamentinin üzvü Mehmet Ceylan keçirilən tədbirin önəmini vurğulayıblar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, bu gün hər iki ölkənin hakim partiyaları arasında yeni layihəyə start verilir. Bu layihə çərçivəsində hər iki partiya ölkələrimiz arasında münasibətlərə, əməkdaşlığa həsr olunmuş müxtəlif tədbirlər, konfranslar keçirəcək. Əli Əhmədov qeyd edib ki, 2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycanın müzəffər ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, öz yurdlarından didərgin düşmüş insanların doğma torpaqlarına qayıtmaq imkanları tanınmış oldu: “Düşünürəm ki, bu qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır”.

O həmçinin qeyd edib ki, bu qələbənin əldə olunmasında bizə böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu da qeyd edilməlidir: “Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi daim hiss etdik. Məxsusi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi”.

Əli Əhmədov bu məsələdə Prezident İlham Əliyevin müstəsna rolunu xüsusi qeyd edib: “Azərbaycanın möhtəşəm qələbəsinin əldə olunmasında Prezident İlham Əliyevin müstəsna rolu bütün dünya tərəfindən etiraf olunur. Bu qələbə Prezident İlham Əliyevin zəfəri kimi səciyyələndirlir. Hesab edirik ki, bütün türk dünyası da bu düşüncələri bölüşür”.

YAP Sədrinin müavini söyləyib ki, İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə yaşadığımız bölgədə yeni mənzərə yaradır: “Bu, bir tərəfdən, təhlükəsizlik amilidir, digər tərəfdən isə, yeni iqtisadi əməkdaşlıq imkanlarıdır. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bölgədə yaşayan bütün xalqlar üçün nemətdir, desəm, səhv etmərəm. Çünki təhlükəsizlik daha etibarlı bünövrə üzərində qurulub. Digər tərəfdən, bölgə xalqları arasında iqtisadi əməkdaşlıq əlaqələr yaranıb ki, bu da yalnız hər kəsə fayda verəcək”.

“Bu gün əsasını qoyduğumuz layihənin ümumi adı Türkiyə-Azərbaycan qardaşlığıdır. Bu qardaşlığın simvolu Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamında çox aydın ifadə olunur. Dünyada elə iki dövlət tanımaq olmaz ki, onlar arasındakı dostluq Türkiyə və Azərbaycan arasında olan dostluq və qardaşlıq qədər saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlər boyu sınaqlardan çıxıb. Çanaqqala döyüşündə xalqlarımızın çiyin-çiyinə döyüşməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad etmək üçün ölkəmizə gəlməsi bu sınaqlardandır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi”, - deyə Əli Əhmədov vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, Türkiyə işğaldan azad edilən ərazilərimizin bərpası işində də Azərbaycanın yanında olacaq. Ermənilər həmin əraziləri tamamilə məhv edib. Türkiyənin quruculuq-bərpa işində yaxından iştirak etməsi qardaşlığın yeni nümunəsi olacaq. YAP Sədrinin müavini hər iki ölkənin liderləri - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlər arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Əli Əhmədov partiyalar arasında növbəti tədbirlərin Ankarada, İstanbulda, Bakıda, Şuşada və digər ərazilərdə keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Videokonfransda qəhrəman Azərbaycan Ordusunu hörmətlə salamlayan AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş xatırladıb ki, partiyalar arasında bundan əvvəl keçirilən konfrans zamanı müharibə davam edirdi: “Biz o zaman bu müharibənin Azərbaycanın zəfəri ilə başa çatacağına inamımızı ifadə etmişdik. Belə də oldu. Qələbə münasibətilə qəhrəman Azərbaycan Ordusunu, Azərbaycan xalqını təbrik edirəm. Qarabağın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Türkiyə Azərbaycanın haqlı mübarizəsində daim onun yanında oldu. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan zəfər qazandı. Bundan sonrakı dövrdə görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək”.

Numan Kurtulmuş deyib ki, Qarabağ zəfəri ilə regionda yeni dövr üçün əməkdaşlıq baxımından qapılar açıldı. Bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə xüsusilə əhəmiyyətlidir. Belə həssas dönəmdə Azərbaycan və Türkiyə xüsusilə güclü olmalıdır. Onun sözlərinə görə, hazırda Asiya, Avropa, Rusiya və ABŞ iqtisadi imkanlarını genişləndirmək üçün müxtəlif layihələrlə çıxış edirlər. Bunların sırasında Çinin “Bir kəmər, bir yol” layihəsi cəlbedicidir.

AKP Sədrinin birinci müavini qeyd edib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər daha da inkişaf etdirilməlidir: “Biz indiyədək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri vasitəsilə enerji sahəsində əməkdaşlıq edirik. TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də birgə həyata keçirdiyimiz layihələrin mühüm tərkib hissəsidir. İndi biz Qarabağ zəfərindən sonra yeni imkanlarımızı dəyərləndirməli, yeni layihələr həyata keçirməliyik. Geniş ortaq istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amildir. Azərbaycanın zəfərindən sonra bölgədə 6 ölkə arasında əməkdaşlıq imkanları yaranıb ki, bu da həmin ölkələrin rifahına əhəmiyyətli təsir göstərəcək. Naxçıvan üzərindən keçəcək yeni yol bu baxımdan əhəmiyyətli rol oynayacaq. Naxçıvan dəhlizinin açılması Ön Asiya və Orta Asiyaya çıxış imkanlarımızı daha da genişləndirəcək. Hesab edirəm ki, biz gələcəkdə birgə layihələrimizlə regional aktordan qlobal güc amilinə çevrilməliyik”.

Numan Kurtulmuş çıxışının sonunda YAP ilə AKP arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən danışıb. Bildirib ki, son 15 il ərzində ölkələrimiz arasında ticarət əlaqələri 9 dəfə artıb. Yaxın zamanlarda ticarət dövriyyəsinin 15 milyard dollar həcminə çatdırılması istiqamətində işlər görülür. Müqayisə üçün deyək ki, bu gün Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 20 milyard dollar həcmindədir.

V.Qasımlının sözlərinə görə, 2002-2019-cu illərdə ölkələr arasında qarşılıqlı sərmayənin səviyyəsi də diqqəti cəlb edir. Belə ki, bu dövrdə Türkiyə Azərbaycana 11 milyard dollar, Azərbaycan isə Türkiyəyə 19.5 milyard dollar həcmində investisiya yatırıb. SOCAR Türkiyə qardaş ölkənin xaricdən enerji asılılığını azaltmaq istiqamətində böyük işlər görür. Türkiyə şirkətləri də Azərbaycanda olduqca fəal iş aparırlar. Bu, qarşılıqlı etimadın növbəti təzahürüdür.

V.Qasımlı qeyd edib ki, bütövlükdə Azərbaycanla Türkiyənin iqtisadi sahədə əməkdaşlığının böyük perspektivləri var. Bu amil bütövlükdə regionumuzun rifahına əhəmiyyətli təsir göstərəcək.

İstanbul Medipol Universitetinin SETA İqtisadi Araşdırmalar bölməsinin direktoru Nurullah Gür deyib ki, son iki ildə dünya, eləcə də ölkələrimiz həssas siyasi-iqtisadi dönəmdən keçir. Qarabağın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, ölkələrimiz arasında yeni iqtisadi perspektivlər açılır. Nurullah Gür əmin olduğunu ifadə edib ki, Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək.

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla səslənir. Ən xoş hal budur ki, artıq bu ifadənin təkcə Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə etmədiyinin, eyni zamanda, bütün dost və qardaş ölkələr üçün işlədildiyinin şahidi oluruq.

Deputat qeyd edib ki, 44 günlük müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza qəti dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi münasibətlər də, şübhəsiz ki, qələbəyə öz töhfəsini vermiş oldu.

“Hazırda Azərbaycan hökumətinin qarşısında Qarabağı iqtisadi fəaliyyətin aparıcı halqalarından birinə çevirmək və bu diyarı Azərbaycanın ən qabaqcıl iqtisadi regionlarının inkişaf səviyyəsinə çatdırmaq vəzifəsi qoyulub. Xüsusilə, regionun iqtisadi aktivlik səviyyəsini işğaldan öncəki vəziyyətə çatdırmaq və durmadan yüksəltmək nəzərdə tutulur. Bu, çox vacib məsələdir. Belə ki, bərpa edilən iqtisadiyyat hesablanmalı, tezliklə öz doğma yurdlarına qayıdacaq və təbii ki, rahat, hər bir şeylə təmin edilmiş şəraitdə yaşamalı olan insanların tələbatına cavab verməlidir. İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı da məhz insanlara, onların tələbatlarına və bu diyarın sakinlərinin təhlükəsiz həyat fəaliyyətinin təmin edilməsinə yönəlib. Əminəm ki, bizim türkiyəli qardaşlarımız işğal edilmiş ərazilərin bərpası prosesinə tam dəstək verəcəklər. Türkiyənin podratçı şirkətləri artıq indidən burada fəaliyyət göstərir, yol infrastrukturunun tikintisi ilə məşğul olur, digər infrastruktur layihələrində iştirak edirlər. Tezliklə, bu proses genişmiqyaslı xarakter alacaq. Şübhəsiz ki, bu, iki ölkə iqtisadiyyatlarının bir-birindən asılılığını artıracaq, Azərbaycan-Türkiyə əməkdaşlığı amilini müharibədən sonrakı dövrdə regionda formalaşan yeni düzənin vacib elementinə çevirəcək”, - deyə S.Fətəliyeva vurğulayıb.

Çıxış edən AKP Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala hazırda dünyada yeni düzənin formalaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan və Türkiyə dövlət başçıları bu yeni düzəndə hansı siyasi xətt üzrə işlərin görülməsi ilə bağlı bütün dünyaya nümunələr göstərirlər. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra hər iki dövlət başçısının apardığı siyasəti xüsusi vurğulamaq lazımdır. Dövlətlərimizin başçıları əldə edilən iqtisadi perspektivlərdən ölkələrimizin mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük işlər görürlər.

“Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq”, - deyən Efkan Ala AKP və YAP arasında əlaqələrin də əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir.

Sonda AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş və Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov konfransın əhəmiyyətini vurğulayaraq hər iki partiyanın əlaqələrinin inkişafından məmnunluqlarını ifadə ediblər.