YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2014-cü il ərzindəki fəaliyyətinə və 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini  Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri və YAP-ın gənc fəal üzvləri iştirak ediblər.

Əvvəlcə, tədbirdə YAP Gənclər Birliyinin 2014-cü il ərzindəki fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirilib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənclər 2 Fevral Gənclər Günü münasibətilə təbrik edib. Bu gün Azərbaycanın öz tarixinin qızıl dövrünü yaşadığını deyən Əli Əhmədovun sözlərinə görə,  müasir gənclik məhz belə bir dövrdə yaşadığı üçün xoşbəxtdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğının xüsusi yer tutduğunu deyən YAP Sədrinin müavini Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər gününün təsis edilməsi bu qayğının parlaq nümunəsi kimi dəyərləndirib.

Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Onun sözlərinə görə, həm yüksək təhsil almaq, həm ictimai-siyasi fəallığı təmin etmək, həm də dövlət quruculuğu işində yaxından iştirak etmək baxımından gənclər üçün bütün imkanlar yaradılıb. «Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvu var ki, onların 40 faizi gənclərdir. Bu, təxminən 250 minə yaxın gənc deməkdir.  Əlbəttə ki, bu böyük güc deməkdir. Hesab edirəm ki, Azərbaycan tarixində YAP Gənclər Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb. Burada çox fədakar, Vətənini, dövlətini sevən, Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən gənclər birləşib. Biz YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiririk. Partiyamız gənclərə hər zaman dəstək verir və bunu davam etdirəcək»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Gəncliyin üzərinə bundan sonra da böyük vəzifələrin düşdüyünü deyən Əli Əhmədov onlara dövlətimizin gələcək inkişafında iştirakı ilə bağlı tövsiyələr verib. Qeyd edib ki, gənclər yüksək biliklərə sahib olmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Eyni zamanda, müasir gənclik Azərbaycanı dünya miqyasında daim layiqincə təmsil etməlidir. Çünki Azərbaycanın gələcəyi məhz gənclərin əlində olacaq.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da partiyanın Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. Gənclərin vətənpərlik ruhunda böyüməsinin vacibliyini vurğulayan B.Muradova YAP-ın sıralarında məhz belə gənclərin birləşdiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər də, dövlətimizin, o cümlədən YAP-ın gənclərlə bağlı siyasətinin əhəmiyyətini vurğulayıblar.

Sonda YAP Gənclər Birliyinin bir qrup fəal gəncinə fəxri fərmanlar, mükafatlar təqdim olunub.

Tədbir tanınmış sənətçilərin konsert proqrammı ilə davm edib.