YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Dirçəlişdən sonra Qarabağ dünyanın ən gözəl regionlarından biri olacaq

“Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə imzaladığı ilk Fərman da əvvəlkilər kimi ürəyimizdən oldu. Koronavirus pandemiyası ilə əlaqədar dünya üçün çətin olan 2020-ci ili işğal altında olan ərazilərimizi düşmən əsarətindən azad etməklə millətimiz və dövlətimiz üçün yaxşı ilə çevirən Prezident İlham Əliyev yeni ilin ən gözəl müjdəsini verərək “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması barədə Fərman imzalayıb. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək”. Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, millətimizin və dövlətimizin tarixində örnək olan bu Fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir. Hər şeydən əvvəl, əgər müharibə günlərində millətimizin birlik rəmzi olan “dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, millətimizin nümayəndələrini Qarabağın xarabazarlıqdan xilas edilib dirçəldilməsi və dinc quruculuq işləri ətrafında yenidən birləşdirir. Atalar yaxşı deyib ki, dirilik birlikdədir.

Millət vəkilinin sözlərinə görə, insanlarımızın həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə Vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz artıq öz sözünü deyib. İndi söz dirçəldənlərin, bərpaçıların, bütün millətindir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün təqribən 30 il gözləmişdiksə, inanıram ki, dövlətimizin başçısının liderliyi ilə Qarabağın dirçəldilməsi çox qısa müddətdə olacaq. Bu prosesin tez başa çatması bizlərin də iştirakından asılıdır.

“Dədə-babalarımızın gözəl sözləri var: “El gücü sel gücüdür”, “El bir olsa, dağ oynadar yerindən”. O zaman hamını bu Fondun açılacaq hesabına imkanları daxilində vəsait köçürməyə səsləyirəm. Dirçəlişdən sonra Qarabağ, Prezident İlham Əliyevin dediyi kimi, dünyanın ən gözəl regionlarından biri olacaq. Ölkəmizin çox gözəl gələcəyi var!”, - deyə M.Qasımlı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv