YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya mətbuatında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə məlumat dərc edilib

İspaniyanın EFE informasiya agentliyinin saytında, "La Vanguardia" qəzetində "İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib" sərlövhəli məlumat dərc edilib.

Məlumatda bu gün Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Azərbaycanın geri qaytardığı Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdiyi bildirilir.

“Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edirəm. Şuşa buna layiqdir. Hesab edirəm ki, Şuşa təkcə Azərbaycanın deyil, regionun mədəni paytaxtı hesab oluna bilər. Vaxt itirmədən, eyni zamanda tələsmədən Şuşanın ilkin, tarixi siması bərpa olunmalıdır”, - deyə dövlət başçısından sitat gətirilir.

Diqqətə çatdırılır ki, Şuşada bərpa işlərinə artıq başlanılıb, evlərin və tarixi abidələrin bərpası istiqamətində işlər aparılır.

Qeyd olunur ki, Azərbaycan Prezidenti divarlarında təhqiramiz yazılar yazılan, inək və donuzların saxlanıldığı məscidlərin dağıdılması və təhqir edilməsində Ermənistan hakimiyyətini ittiham edib.

Məlumatda Prezidentin işğal dövründə Azərbaycan şəhərlərinin dağıdıldığını qeyd edərək, Ermənistan rəhbərliyini vandalizm və barbarlıqda günahlandırdığı bildirilir.

Bundan başqa, azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Fərmanı ilə layiqli həyatı təmin edəcək Qarabağ Dirçəliş Fondunun yaradıldığı diqqətə çatdırılır.

Məlumatda Şuşanın tarixindən də bəhs edilir.