YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərli il ilə yeni zəfərli illərə

Acılı-şirinli 2020-ci il artıq geridə qalır.
Cəmi iki gün, saatlar sonra təzə ili-2021-ci ili qarşılayacağıq.
Bəri-başdan da təzə ilimizin xeyirli, düşərli, huzurlu, dərd-kədərsiz, bütün problemlərin həllində açar ili olmasını arzu və təvəqqe edirik.
Təzə ilimiz həm bizə, həm də bütün dünyaya, sülh və tərəqqipərvər bəşəriyyətə ancaq və ancaq sevinc, səadət bəxş etsin, bütün insanların üzü gülsün!
Bəli, 2020-ci il ilk günlərindən böyük problemlərlə həyatımıza daxil oldu…
İl başlayar-başlamaz koronaviris adlı bəla, “gizli düşmən” bütün dünyanın başının üstünü əcəl zəngi, “Domokl qılıncı” kimi kəsdirdi, iqtisadiyyatları çökdürdü, insanlıq dramları yaşatdı və təəssüflər olsun ki, bu bəla hələ də davam etməkdə, dünyaya, insanlığa öz dəhşətli zərərlərini vurmaqdadır.
Nə qədər cəhdlər göstərsək də, əfsuslar olsun ki, bu bəla bizdən də, ölkəmizdən də yan keçmədi, bizlərə də təsirsiz ötüşmədi.
Ancaq digər, xüsusilə də, aparıcı Qərb, Avropa dövlətlərindən fərqli olaraq, ölkəmiz, dövlətimiz bu bəla qarşısında təslim olmadı, büdrəmədi, özünü itirmədi, öz dirənişini göstərdi.
Müdrik və uzaqgörən ölkə Prezidenti cənab İlham Əliyevin ilk gündən atdığı qətiyyətli önləyici önəmli tədbirlər nəticəsində bu virusun dağıdıcı təsirlərinin qarşısı alındı, zərərlər və ziyanlar minimum endirildi. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil edilməsi, pandemiyanın insanlarımızın həyatına mənfi təsirlərinin önlənməsi üçün 600 mindən artıq vətəndaşımıza 190 manatlıq birdəfəlik ödəmələrin həyata keçirilməsi, ödənişli təhsil alan 15 mindən artıq tələbənin yaz və payız semestrlərindəki təhsilhaqlarının dövlət tərəfindən qarşılanması, Bakı da daxil olmaqla, ölkənin bir çox şəhər və rayonlarında pandemiya xəstələri üçün modul tipli xəstəxanaların, klinikaların istifadəyə verilməsi, bütövlükdə 5 milyona yaxın insanı əhatə edəcək möhtəşəm 3,5 milyard dollarlıq sosial paketin icrası, qanunlara, Məcəllələrə dəyişikliklərin olunması və sair, bunlar hamısı Azərbaycan dövlətinin, ən əsası onun Liderinin qətiyyətini, cəsarətini, iradəsini bir daha nümayiş etdirdi!
Dünyada pandemiyaya qarşı mübarizə sahəsində də Azərbaycan modeli yaradıldı. Bu məsələdə sədrlik etdiyimiz beynəlxalq qurumlara və onlara üzv olan dövlətlərə də hərtərəfli maddi və mənəvi yardım əli uzadıldı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) başda olmaqla, bir neçə quruma, o cümlədən, 30-dan çox ölkəyə pandemiyaya qarşı mübarizədə dost, tərəfdaş əli uzadıldı.
Bu istiqamətdə sədrlik funksiyasını yerinə yetirdiyimiz Türk Şurasının və Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının iştirakı ilə videokonfranslar formatında Zirvə görüşlərini reallaşdırdıq. Bu Zirvələrdə bir daha Azərbaycanın uğurları etiraf edildi, bir daha beynəlxalq qurumlara və bir çox ölkələrə göstərilən dəstək yardımlarına görə minnətdarlıqlar ifadə olundu. 150-yə yaxın dövlətin dəstəyini əldə edərək, Azərbaycan Prezidentinin və Qoşulmama Hərəkatının sədri kimi, cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dəstəkləndi, sentyabr və dekabr aylarında bu yöndə sessiyalar, iclaslar keçirildi. Bunlar öz növbəsində bir daha Azərbaycanın nə qədər səmimi tərəfdaş olduğunu göstərdi, həm də onun dünyada nə qədər böyük çəkiyə malik, hörmət-izzət, nüfuz sahibi olduğunu nümayiş etdirdi.
Eyni zamanda, təcavüzkar və işğalçı dövlət, insanlıqdan nəsibini almayan ermənilər, terror yuvası Ermənistan öz təxribatlarından, fitnəkarlıqlardan, qəsbkarlıq niyyətlərindən yenə əl çəkmədi.
İyul ayında Tovuz istiqamətində çox qanlı və təhlükəli ssenarinin reallaşdırılmasına cəhd etdi və anında da layiqli, kəskin, tutarlı cavabını aldı, Azərbaycan Əsgəri tərəfindən susduruldu, hər mənada zərbələr aldı, fiaskoya uğradıldı.
Amma erməni ki, erməni! Heç zaman dəyişməyib və dəyişməyəcək. Necə ki, sentyabrın 27-də də dəyişmədiyini, dərs almadığını, ibrət götürmədiyini, qandan doymadığını göstərdi, yenidən qanlı təxribata əl atdı və gözləmədiyi reaksiya ilə üzləşdi.
Müzəffər, Xilaskar Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə “vur” əmri ilə ağlını başına yığmayan düşmənə və onun qanlı havadarlarına qarşı İkinci Vətən Müharibəsi başladıldı. Və bu müharibə dünya tarixinə indiyədək görünməyən, yaşanmayan bir müharibə kimi düşdü. Cəmi 44 günə qanlı 32 illik münaqişəyə, Qarabağ probleminə son qoyuldu.
Ali Baş Komandanın şanlı və rəşadətli Ordusu, igid, qəhrəman Əsgəri Tarix, Dastan yazdı, işğal faktına, erməni zülmünə son qoydu, düşməni “Dəmir Yumruğu” ilə qarşısında diz çökdürdü. Bütün məsələlər və sahələrdə model yaradan, örnəyə və nümunəyə çevrilən ölkəmiz hərb tarixində də Azərbaycan modeli yaratdı və bu modeldən də hələ çox öyrəniləcək, hələ çox istifadə ediləcək.
Dekabrın 10-da isə analoqu, bənzəri, oxşarı olmayan möhtəşəm və cahanşümul “Zəfər paradı” keçirildi, bir daha Azərbaycanın dünyaya nələrə qadir olduğu və nələrə qadir ola biləcəyi bəyan edildi! Dost da, dost kimi görünənlər də, hirsindən-hikkəsindən ürəyi partlayan, ciyəri dağ-dağ olan düşmən də, onun qanlı havadarları da bir daha Azərbaycanı tanıdı, gördü.
Bəli, ağrılı-acılı il kimi başlasa da, 2020-ci il sonda bizim üçün sevinclə, huzurla sonuclandı və sonuclanmaqdadır…
Bugünlərdə də üzvü olduğum Milli Məclis Qalib ölkənin ilk Qələbə və Zəfər büdcəsini geniş və hərtərəfli müzakirələrdən keçirərək, qəbul etdi. Bu büdcədə ilk dəfə olaraq, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2, 2 milyardlıq vəsait nəzərdə tutuldu. Bu, Qalib Azərbaycanın daha bir Əzmindən, daha bir Qalibiyyətindən xəbər verir.
Bəli, biz Qalibik, bəli, biz Güclüyük, bəli, biz Əzmliyik…
Bu Qaliblik, bu Güclülük, bu Əzmlilik bizim bundan sonrakı fəaliyyətimizdə, siyasətimizdə də rəhnimiz, meyarımız olacaq. Əminik ki, qarşıladığımız 2021-ci il də, son illərimiz kimi düşərli, uğurlarla, qələbələrlə dolu bir il olacaqdır! Zəfərli il ilə yeni Zəfərli illərə gedən yolun daim açıq olsun, Azərbaycan!

Jalə ƏLİYEVA,

Milli Məclisin
Ailə,Qadın,Uşaq məsələləri komitəsinin
sədr müavini