YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emin Hacıyev: Gələn ilin dövlət büdcəsi ən iri həcmli büdcələrdən biri olacaq

“2020-ci il sözün həqiqi mənasında xalqımız və dövlətimiz üçün fərqli bir il oldu.

Vətən müharibəsində qazandığımız qələbə başa çatmaqda olan təqvim ilini hər birimiz üçün əlamətdar etdi. Deyərdim ki, bu təqvim ilini uğurla başa vuran yeganə xalq bizik və buna görə də milli vəhdət halında öz dövləti, Prezidenti ətrafında sıx birləşən xalqımıza, möhtərəm cənab Prezidentimizə, hər bir əsgərimizə dərin təşəkkürümü bildirirəm”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

2021-ci ilin dövlət büdcəsi haqqında danışan Emin Hacıyev bildirib ki, gələn ilin dövlət büdcəsi ən iri həcmli büdcələrdən biri olacaq. Düşünürəm ki, hər il olduğu kimi insan kapitalının inkişafına yönəlik siyasətimizi davam etdirməli, biliyə əsaslanan iqtisadiyyatın, sənayenin qurulmasına diqqəti artırmalıyıq. Bu mənada son illərdə Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri olan Sumqayıtda görülən müsbət işləri qeyd etməklə, bu prosesi daha da genişləndirməyi vacib hesab edirəm. Aparılmış siyasət və görülmüş işlər sayəsində bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq quruculuq işləri üçün vacib olacaq bir sıra malların daxili istehsalımıza aid olması təqdirə layiqdir. Daxili istehsalı genişləndirmək və dəstəkləməklə bərpa prosesinə çəkəcəyimiz xərcləri böyük miqyasda azalda bilərik.

Millət vəkilinin sözlərinə görə, bərpa prosesini sürətləndirmək üçün tək büdcə vəsaitləri ilə kifayətlənməli deyilik: “Bura sahibkarları da cəlb etmək lazımdır və bu məqsədlə hökumət tərəfindən təşviqedici paketin hazırlanmasına ciddi ehtiyac vardır. Bundan əlavə işğaldan azad edilən ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsindən söhbət açılanda ən tez reallaşa bilən layihələrin aqrar sahə ilə bağlı olduğunu görərik. İşğaldan azad olunan ərazilərimizdə aqrar sahəni inkişaf etdirərək qısa müddət ərzində daxili tələbatımızı ödəməklə yanaşı, ixrac potensialımızı da artıra bilərik. Bu mənada bölgənin mineral ehtiyatlarından səmərəli istifadə də əhəmiyyətlidir. İşğaldan azad olunan bölgələrin bərpasına xarici investorları da cəlb etmək məqsədilə səmərəli təşviqedici paketin hazırlanması yaxşı olardı. Bərpa prosesinə əlavə vəsaitlərin cəlb edilməsi məqsədilə beynəlxalq təcrübədə münaqişə məntəqələrinin bərpası zamanı tətbiq edilən bir təcrübəyə də müraciət edə bilərik ki, bu da bərpa ilə bağlı beynəlxalq konfransın çağırılmasıdır. Eyni zamanda, bölgənin turizm – rekreasiya resurslarından gələcəkdə səmərəli istifadə edə bilməyimiz üçün tanıdılma, təbliğ etmə işinə başlamağımız, müvafiq təqdimatların vasitələrin tərtib edilməsi vacibdir”.