YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Makron bu davranışları ilə Fransa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki quruculuq işlərində iştirakdan məhrum edir

“Vətən müharibəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğraması dünya erməniliyini və onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Bu dairələr hələ də işğalçıların məğlubiyyətini həzm etmək istəmirlər. Bu mənada Fransa və onun prezidenti Emmanuel Makronun da erməni sevgisini qeyd etmək olar”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Fransa indiyədək ATƏT-in Minsk qrupunun həmsədri olaraq münqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışmalı idi. Amma ötən 28 il ərzində həmsədrlər balanslı bəyanatlar verməklə kifayətlənib, təcavüzkar Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün heç bir təzyiq göstərməyiblər. Bununla yanaşı, Fransa işğalçı Ermənistanla xüsusi münasibətə malik olub, bütün platformalarda onu dəstəkləyib. Hətta,  Fransa Ermənistanı özünün bacısı da elan edib. 

Millət vəkilinin sözlərinə görə, sentyabrın 27-də  Vətən müharibəsi başlanan vaxtdan Fransa həmsədr ölkə kimi bitərəfliyini tam unudaraq açıq-aşkar Ermənistana dəstək nümayiş etdirib. Bunu 44 günlük müharibə dövründə Fransa prezidenti Makronun, xarici işlər nazirinin bəyanatları da təsdiqləyir. Bundan əlavə, Fransa Senatının və Milli Assambleyasının da qəbul etdiyi qətnamələr buna sübutdur.

Fransa rəhbərliyinin Ermənistana dəstəyi ilə bağlı yeni faktların da üzə çıxdığını deyən deputat qeyd edib ki, bu barədə Ermənistanın mediası məlumatlar yayır. Bu məlumatlara görə, Fransa prezidenti Emmanuel Makron müharibənin gedişi zamanı ermni diasporunun nümayəndələri ilə mütəmadi əlaqədə olub, eləcə də Paşinyana dəfələrlə öz dəstəyini təklif edib. Bu kimi faktlar isə deməyə əsas verir ki, demokratiyadan az qala bütün dünyaya dərs keçməyə çalışan Fransa kimi ölkə digər bir dövlətin işğaqlçılıq siyasətinə dəstək verib.

Millət vəkili söyləyib ki, Makronun Ermənistan rəhbərliyinə haqq qazandırması, Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə gizli məqamlara aydınlıq gətirilir: “Görünür, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını indiyə qədər yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Fransa prezidentinin Azərbaycan əleyhinə açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun şəkildə davranmayıb. Bundan sonra da Fransa prezidenti qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Çünki o, Avropada anti-Azərbaycan, anti-Türkiyə təbliğatını gücləndirməyə çalışır. Qeyd etmək lazımdır ki, Türkiyə hər zaman beynəlxalq səviyyədə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsinin gedişi zamanı da Türkiyə öz prinsipal mövqeyini nümayiş etdirdi, ölkəmizə siaysi və mənəvi dəstək verdi. Təbii ki, bu amillər Fransa prezidentini çox narahat edir, ona görə də, iki qardaş ölkəyə qarşı qərəzli, qeyri-obyektiv kampaniya aparır.  Bütövlükdə isə, Fransa prezidenti erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır. Makron artıq Fransa dövlətinin və xalqının maraqlarının əksinə olaraq, məğlub olan Ermənistanın vəkili kimi çıxış edir. Bu isə Fransa kimi ölkəyə hörmət gətirmir. Digər tərəfdən, E.Makron bu davranışları ilə Fransa şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək quruculuq işlərində iştirak etməsini sual altına qoyur. Çünki dövlətimiz bəyan edib ki, bu prosesdə Azərbaycana dost ölkələrin şirkətləri iştirak edəcək. Makron isə ermənipərəst mövqeyi ilə Fransa şirkətlərini bundan məhrum edir. O, belə davranışları ilə ölkəsinin də iqtisadiyyatına ziyan vurduğunu anlamır ”.