YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirilib

Dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbirin əlamətdar gün ərəfəsində keçirildiyini bildirib. Əli Əhmədov möhtəşəm zəfərimizin əsas səbabkarı olan Ali Baş Komandanımız, Prezident, YAP-ın Sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək bu münasibətlə dövlətimizin başçısını təbrik edib, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Əli Əhmədov söyləyib ki, Azərbaycanın həyatında və tarixində qazanılan möhtəşəm uğurlar hər bir vətəndaşı ürəkdən  sevindirir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatında baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi düşünülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.

Baş nazirin müavini qeyd edib ki, bu gün 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi zəfəri qeyd etməmək mümkün deyil.  Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər tariximizin ən mühüm hadisələrindən biridir. Bu Qələbə tariximizə qızıl hərflərlə yazılacaq. Məhz bunun nəticəsidir ki, indi hər bir vətəndaşımız azərbaycanlı olmasının qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb.

YAP Sədrinin müavini qeyd edib ki, böyük qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim Qələbəmizlə nəticələndi. Bütün bunların fonunda, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Əli Əhmədovun sözlərinə görə, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır. Qazanılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.

Tədbirdə daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, 8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil oldu. 30 ilə yaxın davam edən Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən hərbi işğalına son qoyuldu. Müstəqilliyinin ilk günlərindən ölkəmizin üzləşdiyi bu işğal və onun ağır nəticələri barədə, işğal altında olan ərazilərimizdə həyata keçirilən etnik təmizləmə və qanunsuz fəaliyyət haqqında uzun illər ərazində beynəlxalq müstəvidə səsimizi ucaltdıq, beynəlxalq biriyi bu işğala son qoyulması üçün qətiyyətli mövqe tutmağa çağırdıq.

Nazirin sözlərinə görə, bu illər ərzində bütün beynəlxalq tədbirlərdə münaqişə ilə bağlı həqiqətlər səsləndirilir, məsələnin tarixi, hüquqi, siyasi və iqtisadi aspektləri, eləcə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi davamlı şəkildə diqqətə çatdırılırdı: “Davamlı şəkildə aparılmış iş nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verib. Ermənistanın 27 sentyabr tarixində növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycanın Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatı başlanıldı və rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində 8 noyabr tarixinədək ərazilərimizin bir hissəsi, o cümlədən 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad olundu. Beləliklə də, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüquqa uyğun olaraq mülki əhalinin müdafiəsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə həyata keçirdiyi əks-həmlə əməliyyatı uzun sürən münaqişənin həllini mümkün etdi və eyni zamanda sonrakı siyasi həll üçün zəmin yaratdı”.

Ceyhun Bayramov qeyd edib ki, hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın maraqlarına cavab verən mövqedən çıxış edib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycana qarşı hücumları pisləyən, o cümlədən Azərbaycanla həmrəyliyini ifadə edən ölkələr arasında Türkiyənin müstəsna rolunu qeyd etməklə yanaşı, Pakistan, Əfqanıstan, Bosniya və Herseqovina, Cibuti və Liviyanı xüsusilə qeyd etmək olar. Eyni yanaşma beynəlxalq təşkilatlar arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Əməkdaşlıq Şurası tərəfindən nümayiş etdirilib.

C.Bayramov söyləyib ki, 10 noyabr birgə bəyanatı ilə bölgədə yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsi, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu: “Azərbaycan Prezidentinin sözləri ilə desək, əldə edilən razılaşma ilə bu gün və gələcək üçün yeni təhlükəsizlik və yeni əməkdaşlıq formatını təşkil etdik. Bu yeni reallıq nədən ibarətdir? İlk növbədə, Azərbaycan ərazilərinin onilliklərlə işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Məcburi köçkünlər öz yurdlarına geri dönməsi ilə uzun illərdir ki, öz evlərində yaşamaq hüququ pozulan insanların fundamental hüquqları həyata keçirilir. Bölgədəki bütün nəqliyyat yollarının açılması və iqtisadiyyatın bərpası Şimal ilə Cənub, Şərq ilə Qərb arasında iqtisadi-ticarət dövriyyəsinin artımına və ölkəmizin bu xüsusda rolunun gücləndirilməsinə imkanlar yaradacaq. Əlbəttə, burada ən vacib məqamlardan biri azərbaycanlı və erməni əhalisinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgəyaşayışının təmin edilməsidir.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası müvafiq hüquqi bazanı təmin edir. Bölgənin gələcək inkişafı, bərpa və yenidənqurma fəaliyyəti ilə bağlıbaxışlarımız dövlət başçısı tərəfindən açıq şəkildə ifadə olunmuş və bölgədə yeni əməkdaşlıq platformasının yaradılması ilə bağlı bəyanatlar səsləndirilmişdir. Belə bir əməkdaşlıq və işbirliyi çərçivəsi, əlbəttə bütün bölgə ölkələri üçün faydalı ola bilər. İşbirliyi çərçivəsi bölgə dövlətlərinin iştirakı iləçoxtərəfli əməkdaşlıq platformalarını təşkil edə bilər. Dövlət başçısının 10 dekabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat brifinqində təqdim etdiyi bölgənin gələcək inkişafı modeli Qələbədən sonrakı yeni dövr üçün baxışları aydın şəkildə əks etdirdi:ənənəvi mövcud olan Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi, eyni zamanda Azərbaycan-Rusiya-İran, eləcə də Türkiyə-Rusiya-İran işbirliyi çərçivələri mövcuddur.Bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə sağlam düşüncə ilə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Bununla da, gələcəkdə bölgədə müharibə riski sıfıra endirilə bilər”.

Xarici İşlər Naziri diqqətə çatdırıb ki, bu gün biz artıq konkret layihələrin, o cümlədən multimodal tranzitlayihələri və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlamışıq: “İşğaldan azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdəvətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılacaqdır. Məlum olduğu kimi, Prezidentin ehtiyat fondundan ayrılmış müvafiq vəsait hesabına Füzuli-Şuşa avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolunun tikintisinə artıq başlanıb. İnanırıq ki, bütün bu və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcəkdir. Bərpa və yenidənqurma işlərində, eləcə də öz evlərinə geri qayıdan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi məsələlərində ölkəmiz bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan bütün aidiyyəti təşkilatlar, o cümlədən BMT-nin müvafiq qurumları, habelə ayrı-ayrı dövlətlərlə işləməyə hazırdır. Biz yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə qarşılıqlı şəkildə tam əməl etməklə dinc, təhlükəsiz və firavan gələcəyə nail ola bilərik.

Yekunda vurğulamaq istərdim ki, bundan sonra da səylərimiz ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən, qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb olunması, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin gücləndirilməsinə yönələcəkdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən və uğurlu siyasəti əsasında ölkəmizin davamlı inkişafı və regional, eləcə də qlobal rolunun möhkəmləndirilməsi istiqamətində səylərimiz davam etdiriləcək”.

Çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, zaman göstərdi ki, yalnız Heydər Əliyev siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündür. Prezident İlham Əliyev məhz bu siyasətə sadiqlik nümayiş etdirərək problemin həllinə nail oldu. Bu qələbə ilə cənab İlham Əliyev böyük sərkərdə kimi adını tarixə yazdırdı.

Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixindən və problemin başladığı ilk illərdəki proseslərdən danışan Əli Hüseynli xatırladıb ki, həmin dövrdə respublikamızda qeyri-sabitlik hökm sürürdü. Xüsusilə AXC-Müsavat cütlüyü hakimiyyətə qanunsuz gəldikdən sonra ilk günlərdə strateji əhəmiyyətə malik olan Laçın rayonu işğal edildi. Bununla da, işğalçı Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq yarandı. 1993-cü ilin aprel ayında Kəlbəcərin işğal edilməsi ilə bu coğrafi bağlılıq daha da genişləndi. Həmin ilin yay aylarında ölkədə siyasi böhranın dərinləşməsi torpaqlarımzın işğalının genişlənməsinə zəmin yaratdı. Belə olan halda, Azərbaycan xalqının çağırışı ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Qısa müddətdə respublikada sabitlik yaradıldı. 1993-cü ilin noyabrın ayında Ulu Öndər Heydər Əliyevin xalqa müraciəti ilə insanlar silaha sarılaraq erməni işğalının qarşısını almaq üçün mübarizəyə başladı. Bunun nəticəsində, işğal altında olan torpaqlarımızın bir hissəsi azad edildi. 1994-cü ildə atəşkəsin imzalanması ilə ölkəmizin inkişafında, eləcə də ordu quruculuğunda əsaslı mərhələ başladı.

Birinci vitse-spikerin sözlərinə görə, bu müdətdə Ulu Öndərimiz diplomatik müstəvidə fəal siyasət həyata keçirdi. Bunun nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlər qəbul etdi. Bu proses Prezident İlham Əliyevin fəaliyyəti dövründə daha da geniş miqyas aldı. Təbii ki, həmin sənədlər torpaqlarımızın hərbi yolla azad edilməsi üçün hüquqi baza yaratdı.

Əli Hüseynlinin fikrincə, bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsinə bərabər hadisədir.  Yeni mərhələdə regionda yeni əməkdaşlıq üçün geniş imkanların açıldığını deyən birinci vitse-spiker qeyd edib ki, Ermənistan bu tarixi şansdan istifadə etməlidir. Təhdidlərə gəlincə, Ə.Hüseynli söyləyib ki, Azərbaycanın qələbəsindən daha çox Qərbdəki erməni lobbisi, ermənipərəst dairələr narahatdır. Amma regiondakı yeni əməkdaşlıq platforması heç bir halda Qərblə, Avropa ölkələri ilə əlaqələrə problem yaratmayacaq. Onun fikrincə, heç bir qüvvə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə mane ola bilməz.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə çıxışında işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı ilə bağlı fikirlərini bildirib. O Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlayıb, bu istiqamətdə infrastruktur, institusional və elm-təhsil istiqamətləri üzrə təkliflər səsləndirib.

Ə.Muradov ölkə Prezidenti tərəfindən müəyyən edilən iqtisadi inkişaf modelinin formalaşdığını və işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın həmin modelin baza prinsiplərinə əsaslanaraq həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyasının yaradıldığını, hazırda həmin ərazilərdə bərpa işlərinə başlanıldığını bildirib.

Ölkə iqtisadiyyatında investisiya yatırımına ehtiyacı olan region və sahələrin olduğunu deyən rektor Qarabağ iqtisadiyyatının bu baxımdan Azərbaycanın gələcək dayanıqlı və davamlı inkişafı üçün əlverişli və əvəzolunmaz şans olduğunu deyib. Professor Ə.Muradov “Rəqəmsal Qarabağ” Dövlət Proqramının hazırlanmasının, Qarabağda müasir tələblərə cavab verən yeni ali təhsil müəssisələrinin yaradılmasının, eləcə də Qarabağın simvolu olan Şuşa şəhərində “Smart city” (“Ağıllı şəhər”) modelinin qurulmasının faydalı olacağını bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu strategiyası həyata keçirilir. Bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək.

Onun sözlərinə görə, dövlətimizin başçısının bəyan etdiyi kimi, yeni əməkdaşlıq platforması region ölkələrinin xalqları üçün böyük fayda gətirəcək. V.Qasımlı regionda həyata keçirilən layihələrlə yanaşı münaqişədən sonra yeni layihələrin də gerçəkləşməsinin əhəmiyyətini vurğulayıb və bunu slaydlarla təqdim edib. İcraçı direktor gələcəkdə həyata keçirilə bilən nəqliyyat və enerji layihələrinin önəmini diqqətə çatdırıb.  Onun sözlərinə görə, Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan asılıdır.

V.Qasımlı diqqətə çatdırıb ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər nəticəsində ölkəmizin kənd təsərrüfatında 10.4 faiz, mədənçıxarma sənayesində 5.3 faiz, emal sənayesində 4.3 faiz, turizmdə 5.5 faiz artım gözlənilir. Bütövlükdə isə, bu amil ÜDM-də 3 faiz, qeyri-neft sektorunda 5.1 faiz artımla müşahidə olunacaq.