YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Ermənistana sərt üz göstərməyin vaxtı çoxdan çatıb

«Ötən sessiyada Avropa Şurası Parlament Assambleyası  qətiyyət, obyektivlik göstərərək “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artırılması” adlı mövzu üzrə məruzəçi təyin etdi. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və Dağlıq Qarabağ problemi bu iki dövlətin Avropa Şurasının həqiqi üzvü kimi fəaliyyət göstərdiyi son 15 il ərzində daim ümumi narahatlığa bais olub. Ona görə də ağrılı bir problemin həlli istiqamətində büronun və bütövlükdə Assambleyanın atdığı belə bir mühüm addım əlbəttə ki, müsbət iş, inkişaf elementi sayılmağa layiqdir». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, hazırda da Azərbaycan-Ermənistan sərhədlərində, təmas xəttində qarşıdurma davam edir. Onun sözlərinə görə, ölkənin içərisindən çox kənardan idarə edilən Ermənistan isə heç vəchlə yola gəlmək, öz qəsbkar niyyətlərindən əl çəkmək istəmir.

«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa Şurası 2005-ci ildə ayrıca qətnamə qəbul etdi, Ermənistan onu icra eləməkdən boyun qaçırdı. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Parlament Assambleyası ayrıca alt komitə yaradıb. İllərdir ki, Ermənistan həmin faydalı ola biləcək qurumun işini baykot edir. İndi Dağlıq Qarabağ, Azərbaycanın zəbt edilmiş ərazilərindəki təhlükəli vəziyyət üzrə yeni məruzə hazırlamaq qərarı var, Ermənistan yenə təşkilatımızın iradəsi əleyhinə hərəkət edir. Bu intizamsızlıqlara, qərarlar, qaydalar, nizamnamə əleyhinə olmaq cəhdlərinə nə qədər dözmək olar? Belə ərköyünlük, saymazyanalıq haqqını Ermənistana kim verib? Güman edirəm ki, artıq sərt üz göstərməyin vaxtı çoxdan çatıb»- deyə, R.Hüseynov vurğulayıb.