YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov mayda Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşüb.

E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə, xüsusilə, investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin imzalanmasına ehtiyac var.

M.Layçak Azərbaycanın xarici işlər nazirini bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştirak etməyə dəvət edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

M.Layçak regionun sabitliyi və regiondakı münaqişələrin sülh yolu ilə həllinə dəstəklərini ifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini və Minsk qrupu formatı çərçivəsində münaqişənin həllini dəstəklədiklərini bildirib.

Görüşdən sonra hər iki nazir tərəfindən birgə mətbuat konfransı keçirilib.