YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqil Məmmədov: Vətən müharibəsində xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik

“Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb, əhalinin sosial rifahı daha da yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb və dünyada etibarlı tərəfdaş imici qazanıb”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Aqil Məmmədov bildirib ki, ötən illərdə Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə qlobal səviyyədə enerji və nəqliyyat layihələri həyata keçirilib ki, bütün bunlar  beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul edib, ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bütün bunlar isə, haqq işimizdə bizə güclü dəstək verdi.

Təbii ki, ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu da çox yüksəkdir. Belə bir rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi.

“Bundan əlavə, xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Cənab Prezidentin dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək. Biz bundan sonra da bir olmalıyıq, cənab Prezidentin ətrafında daha sıx birləşməliyik. Bundan sonrakı mərhələlərdə də güclü olmalıyıq. Düşmənimizi tanıyırıq. Ona görə də birliyimizi, ordumuzu daha da gücləndirməliyik ki, düşmən bir daha təxribatlar etməsin. Əgər etsələr, yenə də layqili cavabları verilsin. Necə ki, bu gün cavablarını alıblar. Artıq düşmən ordusu tamamilə dağılıb, bunu özləri də etiraf edirlər. Həmçinin, Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. Onlar bu vəziyyəti yaşamalı idi. Çünki başqasının torpağını işğal etmişdilər. Azərbaycan isə öz torpaqlarnı azad etmək uğrunda haqlı mübarizə aparırdı. Ölkəmiz bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi”,-deyə A.Məmmədov vurğulayıb.