YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağı Qurtuluşa aparan böyük yol

Bu yol 15 iyun – Milli Qurtuluş Günündən başlayır

Hüseyn Paşayev

YAP Siyasi Şurasının üzvü,

YAP Mətbuat Xidmətinin rəhbəri

Qarabağ Azərbaycandır! Qarabağ artıq azaddır. Qarabağ erməni işğalından qurtuldu. Bu qurtuluşu xalqımıza, torpaqlarımıza bəxş edən Ali Baş Komandan İlham Əliyev oldu.

Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, bu zəfərə uzun illə hazırlıq işləri həyata keçirdi. Bu illər ərzində Azərbaycan böyük bir inkişaf yolu keçdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında tam dəyişdi. 2020-ci ilin Azərbaycanı artıq XX əsrin son onilliyindəki Azərbaycan deyildi. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, Avropanın, eləcə də dünyanın enerji və nəqliyyat xəritəsini dəyişmiş, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz sözü və öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilmişdir. Azərbaycan arxasında güclü iqtisadiyyat və güclü orduya malik söz sahibinə çevrilmişdir. Azərbaycan artıq öz haqqını və hüququnu, milli maraqlarının və mənafeyinin təmin edilməsini acizanə xahiş etmirdi, o bunu artıq tələb və diqtə edirdi. Azərbaycan haqqının və dövlətçilik maraqlarının təmin edilməsi istiqamətində heç kimlə məsləhətləşilməyəcək addımlar atmağa başladı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin tarixi, cahanşümul nailiyyətləri idi. Bu tarixi yolun başlanğıcı isə 15 iyun Milli Qurtuluş günündən başlayırdı.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı zaman Azərbaycan özü boyda dərd-sər içində idi. Ölkə tamamilə məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi. Davam etməkdə olan erməni işğalı isə qarşısıalınmaz prosesə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev hər gün yeni-yeni ərazilərin itirilməsinin qarşısını almaq üçün ilk növbədə atəşkəsin əldə olunmasına nail oldu. Bişkek razılaşması, əslində, Azərbaycana nəfəs almaq, inkişaf etmək, dirçəlmək, güc toplamaq və torpaqların azad edilməsi uğrunda son zərbəni endirmək üçün tarixi zərurət idi. Bu saziş, əslində Azərbaycanın xilası naminə Heydər Əliyev diplomatiyasının qələbəsi idi. Azərbaycan bu tarixi şansdan maksimum səmərəli, effektiv istifadə etməyə başladı. Azərbaycan bütün parametrlər boyu inkişaf etməklə bərabər, güclü və qüdrətli Ordu quruculuğu işlərini hər zaman pioritetə çevirdi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixi məsuliyyəti Ulu Öndər Heydər Əliyevdən sonra yalnız və yalnız bu siyasi kursa sadiq İlham Əliyev daşıya bilərdi. Azərbaycanın gələcəyinə həmişə nikbin baxan Ulu Öndər bu tarixi missiyanın oğul İlham Əliyev tərəfindən inamla və uğurla davam etdiriləcəyinə inanırdı. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizim köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər basləyirəm”. Tarix sübut etdi ki, xalqımızın böyük oğlu, dünya siyasətinin zərgər ustadlarından hesab olunan Heydər Əliyev bu seçimində də yanılmayıb.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyev siyasi kursuna sadiq olaraq daha yeni, dövrün və qloballaşmanın tələblərinə uyğun daha müasir inkişaf yoluna çıxardı. Azərbaycan çox sürətlə inkişaf edir və təsadüfi deyil ki, ölkəmiz XXI əsrin ən uğurlu gənc dövləti statusunu qazandı. Lakin həyata keçirilən bütün bu tarixi, misilsiz işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında müqəddəs sayıla biləcək vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi Qarabağ idi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayaraq, torpaqların azad edilməsi, balanın anaya, Qarabağın Ana Vətənə qovuşması istiqamətində addım-addım, inamla və qətiyyətlə irəliləyirdi.

“Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” – deyən Prezident İlham Əliyev işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin ritorikanı dəyişdiyi anındaca “Qarabağ Azərbaycandır və nida” səsləndirərək, son zərbənin endiriləcəyi anonsunu verdi. Prezident İlham Əliyev bu bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyü məsələsində artıq heç kimlə məsləhətləşilməyəcək bir məqama gəldiyini bəyan etdi.

Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə Xalqımızın, Ordumuzun, Milli Birliyimizin, Haqqın və Ədələtin zəfəri idi. Azərbaycan bu günü 30 il gözlədi. Bu günün gələcəyinə əminliklə inanaraq, bu uzun yolu ləyaqətlə, şərəflə, inamla, rəşadətlə irəlilədi.

Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 iyun Milli Qurtuluş Günündən başladı. Azərbaycan xalqının və dövlətinin qurtuluşu günündən başlayan bu yol Qarabağımızın qurtuluşunu şərtləndirdi.

Şuşanın azad edilmləsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Prezident İlham Əliyev ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi. Bu gün tək Qarabağ yox, işğal olunmuş bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixin böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.

DİGƏR Xəbərlər Arxiv