YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Fərzəliyev: Ali Baş Komandanımızın qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməz gücü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi

"Ali Baş Komandanımızın qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməz gücü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi. Bu qələbə müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Milli birliyimiz və ordumuzun gücü Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında mühüm şərtə çevrildi. Mən Azərbaycan xalqını, Ali Baş Komandanımızı ürəkdən təbrik edirəm. Bu qələbə Azərbaycanın bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Bütün dünya bir daha xalqımızın əzminin, qətiyyətinin şahidinə çevrildi". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu qələbənin memarı həm hərbi sahədə, həm də diplomatik müstəvidə böyük uğurları ilə seçilən Prezident, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusudur. A.Fərzəliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin qətiyyəti, siyasi hazırlığı, peşəkarlığı Ermənistanın məğlubiyyətini, Azərbaycanın zəfərini təmin etmiş oldu.

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata toxunan A.Fərzəliyev bildirib ki, dövlət başçılarının bəyanatı Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. YAP Cəbrayıl rayon təşkilatının sədri onu da qeyd edib ki, bu bəyanat işğal altında olan digər torpaqlarımızın qan tökülmədən azad edilməsini də nəzərdə tutur.

"Azərbaycan Prezidenti müharibənin ilk günlərindən etibarən bütün torpaqlarımızın azad ediləcəyini qətiyyətli şəkildə bildirmişdi. Azərbaycanın çağırışlarına cavab verməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 gündən sonra anladı ki, Azərbaycanın Silahlı Qüvvələrinə müqavimət göstərmək gücündə deyil. Çünki Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan bu gün dünyanın qlobal iqtisadi-enerji layihələrinin iştirakçısı və təşəbbüskarıdır. Azərbaycan Ordusu dünyanın ən aparıcı orduları sırasında yer alır. Ermənistan isə Azərbaycan torpaqlarını 27 il işğal altında saxlamaqla özünü regional inkişafdan təcrid etdi. Bu gün Azərbaycan yenidən öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan isə rəzil məğlubiyyətə düçar oldu",-deyə A.Fərzəliyev əlavə edib.