YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar faciəsi haqqında həqiqətlər Litva Seymində

20 Yanvar faciəsinin Litva ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən bir sıra tədbirlər görülüb.
Səfirliyin təşəbbüsü ilə tarixçi alim Alqimantas Lekis və jurnalist Gintaras Visotskas tərəfindən 20 Yanvar faciəsi ilə bağlı yazılmış məqalə KİV-lərdə dərc edilib, Litva Seymində 20 yanvar 1990-ci il Bakı və 13 yanvar 1991-ci il Vilnüs faciələrinə həsr olunmuş tədbirlər keçirilib.
İlk olaraq Seymin foyesində Litvanın müstəqilliyi bərpa edildikdən sonra dövlət başçısı olmuş Vitautas Landsberqisin “Günah və bağışlanma: 13 yanvar hadisələri” kitabının ingilis dilində nəşrinin təqdimatı, daha sonra isə Seymin Konstitusiya zalında “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” mövzusunda konfrans keçirilib.
Kitabın təqdimatında Seymin üzvləri və Litvanın ictimai-siyasi xadimləri iştirak ediblər. Müəllif kitabında 13 Yanvar Vilnüs hadisələri ilə bağlı tarixi sənədləri təqdim edərək, o dövrdə Litvada cərəyan edən hadisələrə dair ətraflı məlumat verib. Kitabda 20 Yanvar Bakı hadisələrindən də bəhs olunub.
Seymin Konstitusiya zalında keçirilmiş tədbirdə Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis, Litva Respublikası Seyminin sədr müavini, Seymin sabiq sədri (2009-2012-ci illərdə) İrena Dequtiene, parlamentdə GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mantas Adomenas və deputatlar, Litvanın 2014-cü il üzrə Azadlıq mükafatının laureatı, polşalı keçmiş dissident, Polşanın “Gazeta Wyborcza” qəzetinin baş redaktoru Adam Mixnik, Litva 13 Yanvar Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas və Cəmiyyətin üzvləri, ictimai-siyasi xadimlər, tanınmış tarixçilər, politoloqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mantas Adomenas azadlığın asan əldə edilmədiyini qeyd edərək deyib: “13 yanvarda biz öz müstəqilliyimiz uğrunda mübarizə aparırdıq, bu gün isə tam əminliklə deyə bilmərik ki, həmin günlər təkrarlana bilməz”. O, Bakı və Vilnüs hadisələrinin eyni ssenari üzrə həyata keçirildiyini qeyd edərək, Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə çağırıb
Səfir Həsən Məmmədzadə çıxışında Azərbaycanın da öz 13 yanvarını yaşadığını, 20 yanvar 1990-cı ildə Sovet ordusunun 30 min hərbiçisinin Azərbaycanın paytaxtına və ölkənin digər şəhərlərinə daxil olduğunu bildirərək, 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, onların əsas məqsədi müstəqillik uğrunda hərəkatın boğulması və ölkədə kommunist rejiminin dağıdılmasının qarşısının alınması olub.
Səfir keçmiş Sovet rejiminin təcavüzünə məruz qalmış dövlətlərə münasibəti müqayisə edərək deyib: “Son hadisələr və beynəlxalq hüquq və prinsiplərin pozulması bizi daha da birləşdirməlidir. Dünyanın bir hissəsində ərazi bütövlüyü prinsipi o biri hissəsindəkindən vacib olmamalıdır. Xalqların müstəqilliyinə münasibət eyni olmalıdır, dövlətlərin ərazi bütövlüyü prinsipi müzakirə mövzusu olmamalıdır. Biz işğalçıların bütün hərəkatını qınamalıyıq – yaxşı və pis cinayətkar olmadığı kimi, yaxşı və pis terrorçu da yoxdur”.
Litvanın ilk dövlət başçısı V.Landsberqis çıxış edərək ölkələrimizi azadlıq uğrunda canını vermiş məzlumların qanının birləşdirdiyini söyləyib. O, hər iki dövlətin eyni tale yaşadığını vurğulayaraq bildirib: “Əgər bizim xalqlarımıza təhlükə təhdidi varsa, biz birləşərək bir qüvvə olmalıyıq”. V.Landsberqis Cənubi Qafqazda vəziyyətin asan olmadığını və bu ağır vəziyyətdə Azərbaycana dəstək verməyə hazır olduqlarını vurğulayaraq qeyd edib ki, Azərbaycanı bu günədək təhdid edirlər, ancaq bütün bunlara baxmayaraq bu ölkə düzgün istiqamətdə hərəkət edir.
Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Seymin xarici əlaqələr komitəsinin sabiq rəhbəri Emanuel Zinqeris iştirakçıların diqqətini Tbilisi-Bakı-Vilnüs qanlı hadisələrinin müqəssirlərinin hələ də cəzalandırılmadıqları məsələsinə yönəldib. Onun sözlərinə görə, müqəssirlərin gizlədilməsi və hadisələrin ört-basdır edilməsi onun təkrarlanmasına gətirib çıxara bilər.
Daha sonra çıxış edən 13 Yanvar Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas tədbirin təşkilinə görə Azərbaycan səfirliyinə öz minnətdarlığını bildirib və 2013-cü ildə Vilnüs və Bakı hadisələri ilə bağlı səfirliklə birgə Seymdə keçirilmiş tədbirə həsr olunmuş kitabı səfir Həsən Məmmədzadəyə təqdim edib.
Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Vilnüs və Bakı faciələrinin bir-birindən yalnız tarixləri ilə fərqləndiyini qeyd edərək, hadisələrin digər dövlətlərdə də təkrarlanmaması üçün diqqətli olmağa çağırıb.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Hakimiyyət yükü” filmindən 20 Yanvar faciəsi ilə bağlı görüntülər və Vilnüs hadisələrinə dair videoçəkiliş, Konstitusiya zalının qarşısında isə 20 Yanvar faciəsi ilə bağlı fotosərgi nümayiş etdirilib.
Mərasim iştirakçıları tərəfindən 13 Yanvar Vilnüs faciəsi qurbanlarının xatirə kompleksinin önünə əklil qoyulub.
Səfir Həsən Məmmədzadə 20 Yanvar faciəsi ilə bağlı Litvanın “LTR” teleradio kanalına müsahibə verib.
Anma mərasimi ilə bağlı Litvanın LRT və “Penki TV” telekanallarında materiallar nümayiş etdirilib, tədbir Seymin televiziyasında və internet saytında birbaşa yayımlanıb, “ELTA”, “respublika.lt”, “pozela.lt”, “lrytas.lt”, “slaptai.lt” informasiya agentlikləri və internet portallarında yazılar dərc olunub.
Litvanın “alkas.lt” və “slaptai.lt” internet-portallarında tarixçi-alim Alqimantas Lekis və jurnalist Gintaras Visotskasın “Qara Yanvar: Litva və Azərbaycan versiyaları” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə müəlliflər litvalı oxucuları 20 Yanvar faciəsi ilə tanış edərək, Litva və Azərbaycan xalqlarının azadlıq yolunda yaşadıqları faciələr arasında paralellər aparıblar. Yazı ilə bu linkdə tanış olmaq mümkündür: