YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Enerji siyasətimiz günəş və külək enerjisindən də istifadə etməklə hər il artan enerji tələbatını yüksək səviyyədə təmin etməyə istiqamətlənib

“Enerji təhlükəsizliyi, Cənubi Qafqazda sabitlik dünyanın siyasi gündəliyinin məsələləri kimi qaldıqca regionun aparıcı dövləti, transmilli enerji layihələrinin təşəbbüskarı kimi Azərbaycanın geosiyasi və energetik əhəmiyyəti də artacaq. Bu baxımdan Cənub Qaz Dəhlizi son illərin ən səmərəli nümunəsidir”. Bu fikirləri Energetika naziri Pərviz Şahbazov deyib.

Pərviz Şahbazov bildirib ki, Azərbaycan, neftlə yanaşı qaz təchizatçısı kimi etibarlı tərəfdaşlığını Cənub Qaz Dəhlizi vasitəsilə ilk dəfə olaraq Avropa ölkələrini əhatə edən böyük bir məkanda genişləndirir. Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Bu isə Azərbaycanın enerji kursunun 21-ci əsrin tələbləri səviyyəsində həyata keçirildiyini bir daha təsdiqləyir.

Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin icrası artıq başa çatır və 2020-ci il müstəqil enerji tariximizə daha bir nailiyyət ili kimi daxil olacaq: “Azərbaycan qazı qısa bir vaxtda TANAP vasitəsilə Türkiyə bazarında əldə etdiyi üstünlüyü TAP ilə Avropa ölkələrinə gətirəcəyi faydalarla birləşdirəcək. Enerji siyasətimiz eyni zamanda günəş və külək enerjisindən də istifadə etməklə hər il artan enerji tələbatını yüksək səviyyədə və ekoloji cəhətdən təmiz formada təmin etməyə istiqamətlənib. Bu gün əsas hədəfimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır. Bu ilin yanvar ayında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi üzrə pilot layihələrin icrası ilə bağlı xarici şirkətlərlə icra müqavilələri imzalamışıq. Hazırda şirkətlər ilə danışıqlar aparılır və ilin sonuna qədər bütün sənədlərin imzalanması nəzərdə tutulur. Aparıcı beynəlxalq enerji şirkətlərinin layihələrin reallaşdırılmasına olan maraqları ölkəmizə, onun aydın gələcəyinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisi, bu illər ərzində qazanılmış etimadın nəticəsidir”.