YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 2020/2021-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Görüşə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov iştirak edib, yüksək nəticələr əldə edən gənclərimizi təbrik edib, onlara təhsildə, elmdə, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıblar.

Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışan millət vəkili Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə inşa edilən müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binalar, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun bariz nümunəsidir.

Naqif Həmzəyev siyasi sistemdəki avanqard yerinə görə fərqlənən Yeni Azərbaycan Partiyasının gənclərin inkişafına geniş imkanların yaradılmasında, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasında xüsusi rolu olduğunu qeyd edib. Millət vəkili həmçinin gəncləri asudə vaxtlarından səmərəli istifadə etməyə, ölkəmizdə gedən çoxşaxəli siyasi proseslərə biganə qalmamağa və sağlam vətəndaş mövqeyi bildirməyə dəvət edib.

Pərvin Kərimzadə, Müşfiq Cəfərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə, gənclərə verdiyi yüksək dəyərin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini, təhsil siyasəti, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanda əldə olunan uğurlardan danışıblar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxladığı, bu sahədə müxtəlif layihələr və proqramları icra etməklə təhsilin inkişafına böyük töhfələr verdiyi xüsusi ilə vurğulanıb.

Gənclər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Sonda yüksək bal toplayan gənclərə Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, bu tədris ilində Gəncə şəhər orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul imtahanları üçün sənəd təqdim etmiş abuturiyentlər arasında 8 nəfər 650-dən yuxarı bal toplayaraq, yüksək nəticə əldə edib. Ən yüksək nəticəni isə 31 nömrəli tam orta məktəbin məzunu Əli Quluyev göstərib. Əli IV ixtisas qrupu üzrə 683 bal toplayıb.