YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Riqada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram gecəsi olub

Dekabrın 28-də Riqada, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram gecəsi olub. Tədbirdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Latviya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri, habelə bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səslənib.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək həmvətənlərimizin Latviyanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, habelə Azərbaycanın maraqlarına cavab verən tədbirlərin keçirilməsində gənclərin xüsusi rolunu vurğulayıb, onların xidmətlərini yüksək qiymətləndirib. Diplomat ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirilən islahatlardan söz açaraq bildirib ki, bu islahatlar ölkənin bütün sahələrində mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. E.Zeynalov ümidvar olduğunu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunacaq və azərbaycanlılar doğma yurd-yuvalarına qayıdacaqlar.
Sonda E.Zeynalov tədbir iştirakçılarına cansağlığı, firavanlıq, həmrəylik və yekdillik arzu edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərini hər zaman xatırlamağa çağırıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətni oxunub.
“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısı, Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyev çıxışında diqqətə çatdırıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci ildə Heydər Əliyev tərəfindən elan edilib. Həmin vaxtdan etibarən 31 dekabr bütün Azərbaycan xalqının milli bayramına çevrilib. R.Əliyev deyib ki, Həmrəylik Gününün əsas ideyası dünya azərbaycanlılarının birliyini və həmrəyliyini, Azərbaycanın dövlətçiliyini, xalqın milli- mənəvi dəyərlərinə hörmətin, Azərbaycan xalqına məxsusluğun və tarixi Vətənə bağlılığın təcəssümüdür.
Latviyadakı Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov, “Azəri” Cəmiyyətinin sədri Ulduzxan Əhmədov bildiriblər ki, hazırda müasir müstəqil Azərbaycan dünya ölkələrinin çoxunda yaşayan azərbaycanlıların vahid dövlətidir. Vurğulanıb ki, Latviya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan azərbaycanlılar tarixi Vətəndən uzaqda yaşasalar da, öz adət-ənənələrini qoruyub saxlayıblar.
Bayram gecəsində Azərbaycan musiqisi səslənib, milli rəqslər ifa olunub, uşaqlar Azərbaycan şairlərinin şeirlərini ifa ediblər. “Leyla”, “Qarabağ” və “Borçalı” komandaları arasında viktorinalar keçirilib. Qonaqlar Azərbaycan milli şirniyyatının dadına baxıblar.