YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib

İyulun 14-də Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib.

İclasda çıxış edən komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son günlər Ermənistan özünün təcavüzkar siyasətinin növbəti bariz nümunəsi olaraq dövlət sərhəddinin Tovuz istiqamətində təxribat törədib. Belə ki, döyüş mövqelərimiz, eləcə də mülki əhalinin yaşadığı ərazilər iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutulub. “Göründüyü kimi, erməni tərəfi təcavüzkar siyasətini davam etdirir. Beynəlxalq ictimaiyyət, hətta Ermənistan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə inandıqlarını desələr də, hər zaman Ermənistan hakimiyyətinin apardığı siyasət bəyan edilmiş bu məqsədlərlə reallığın uyğun gəlmədiyini göstərir. Məlumdur ki, Ermənistanın hazırkı rəhbərliyi ölkə daxilində dayaqlarını itirir və artan narazılığın qarşısını almaqda özünü gücsüz hiss edir. Pandemiya təhlükəsi ilə bağlı hökümətin təsirli tədbir görə bilməməsi də hakimiyyətə qarşı əhalinin narazılığını gücləndirir. Paşinyan hakimiyyəti inqilab zamanı vəd etdiyi “xoşbəxt gələcəyi” yerinə yetirə bilmir. Ona görə də, erməni ictimaiyyətində bu hakimiyyətə etimad yoxdur” - deyən, B.Muradovanın sözlərinə görə, Azərbaycan Prezidenti başda olmaqla dövlətimizin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin müsbət nəticələri Ermənistanın mövqeyini bütün istiqamətlərdə laxlatmaqdadır. Azərbaycanın artan nüfuzu, qüdrəti, ordumuzun gücü, xüsusilə ölkə daxilində vətəndaş həmrəyliyi işğalçı Ermənistanı narahat edir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş sənədlərdə də öz əksini tapır. Bütün bunlara görə, Ermənistan çıxış yolunu təxribat törətməkdə görür. Azərbaycan Ordusu qarşı tərəfin təxribatına layiqli cavab verib.

Komissiya sədri qeyd edib ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, yaranmış vəziyyətə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. B.Muradova diqqətə çatdırıb ki, müvafiq qurumlar vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyəti məlumatlandırır. Artıq bəzi dövlətlər Azərbaycana dəstək ifadə edən bəyanatlar veriblər.

B.Muradova bildirib ki, YAP-ın komissiyası olaraq biz də partiyamızın əməkdaşlıq etdiyi təşkilatlara bəyanat ünvanlamalıyıq.

Milli Məclisin deputatı Nizami Səfərov çıxışında deyib ki, məsələnin mühüm aspektlərindən biri Ermənistan tərəfindən fundamental beynəlxalq hüquq normalarının və prinsiplərinin pozulmasıdır. Onun sözlərinə görə, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən BMT-nin bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə güc tətbiq edilməsindən çəkinməlidir. Ancaq Ermənistan beynəlxalq hüquqa zidd addımlarını davam etdirir. Və ağır beynəlxalq cinayətləri ehtiva edən əməllərdən əl çəkmir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, müharibə bir neçə cəbhədə gedir. Bunlardan birincisi ön cəbhə, ikincisi diplomatik, üçüncüsü isə informasiya müstəvisində gedir. Onun fikrincə, hər üç cəbhə strateji əhəmiyyət kəsb edir.

Tədbirdə həmçinin komissiyanın üzvlərindən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev, Milli Məclisin deputatı, komissiyanın katibi Elman Nəsirov, Milli Məclisin deputatı Mahir Abbaszadə və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək son günlər Ermənistan tərəfindən törədilən təxribat əməlləri ilə bağlı fikirlərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının adından son günlər Azərbaycanla Ermənistanın dövlət sərhəddində erməni tərəfinin törətdiyi təxribat əməlləri ilə bağlı bəyanat qəbul olunub. Bəyanat Yeni Azərbaycan Partiyasının üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara, siyasi partiyalara ünvanlanıb.