YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal miqyaslı lider

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri

Cəmi bir neçə ayın içində bütün dünyanı çənginə almış koronavirus pandemiyasının insanlara anlatdığı xeyli həqiqətlər var...

Həqiqətlər çox vaxt acı olur, onları qəbul edib nəticə çıxarmaq da adətən çətin başa gəlir. Amma özündə güc taparaq gözlərini dörd açıb gerçəklərin yaratdığı mənzərəni duya biləndə görürsən ki, bir çox suallarına uzun zamanlardan bəridir axtardığın cavabların çoxu elə bu mənzərədəymiş.

Zənnimcə, fərd olaraq insanlar, ümumilikdə isə bəşəriyyət hələ illər sonra da COVID-19 həqiqətlərindən müəyyən nəticələr çıxaracaq, bu qlobal bəlaya qədərki yanlışları bir daha təkrarlamamağa çalışacaqlar.

Bundan sonra tarix çoxları üçün iki səhifəyə bölünəcək: pandemiyadan əvvəl və sonra.

Və postpandemiya dövründə yaşananlar bəşəriyyətin buna qədərki tərzi-həyatından xeyli fərqlənəcək.

Hərdən düşünürəm ki, bəlkə XXI əsr də elə indi başlanır, bizim yeni əsrdən qoparıb ömrümüzə köçürdüyümüz iyirmi il əvvəlki əsrin, əski tarixin bir qədər modern formada davamı imiş, kim bilir?!

Əgər gözləntilər özünü doğrultsa, bəs onda yeni dünyanın, artıq addım səslərini eşitməkdə olduğumuz o yeni zamanın insanları necə olacaqlar?!

Xalqlar, dövlətlər bundan sonra davranışlarını necə quracaqlar?!

Mədəniyyət öz mövcudluğunu necə sürdürəcək?!

***

Bu suallara dürüst cavab tapmaqdan ötrü onların mərkəzinə fərdləri deyil, toplumları qoymaq lazım gəlir. Çünki gələcəyin dünyası fərdlərdən daha çox toplumların dünyası olacaq. Gələcəkdə ümumi maraqlar, "mən” deyil, "biz” düşüncəsi yenidən önə çıxacaq.

Son illərə qədər yalnız öz həyatına, baxışlarına, zövqlərinə dəyər verən, başqalarının rəyini o qədər də nəzərə almaq istəməyən və bu yanaşmanı bütün dünyada daha çox insanın beyninə yeritmək istəyən fərdlər anlayacaqlar ki, heç kim bu kainatda tək deyil.

Dünya bizim ümumi evimizdir. Onun kəsilən hər ağacı başqaları kimi bizim də bir ağacın nəfəsi qədər təmiz hava payımızı əlimizdən alır, onun torpağına atılan hər zərərli tullantı başqaları ilə birgə bizim də həyatımızı zəhərləyir, boşuna axıdılıb israf edilən hər qətrə suyu hamının ciyərini yandırır.

Bir-birinin dərdlərinə, qayğılarına laqeydlik, bəşəriyyətin minilliklər boyu formalaşdırdığı dəyərlərə sayğısızlıq, xeyirxahlıq, şəfqət, başqalarına mərhəmət hissinin korşalması təkcə fərdləri deyil, ümumilikdə dünyanı sonu bilinməyən mənəviyyat uçurumuna sürükləyir.

Və biz bütün bunları həm özümüzə, həm də başqalarına görə qoruyub saxlamalıyıq.

Aylar əvvələ qədər hansımızın ağlına gələ bilərdi ki, ürəyimiz istəyən an əlimiz çatan, ünümüz yetən doğmalarımızın üzünü aylarla görə bilmədiyimiz günlər yaşanar. Xəstəxana yatağında ölümlə çarpışan yaxınımızı beşcə dəqiqə belə ziyarət edə bilməməyin çarəsizliyi ilə üzləşərik. Uzun illərdən bəri ülfətimiz olan, indisə koronavirusun aramızdan alıb apardığı dost-tanışımıza son borcumuzu verə bilməməyin əzabı bir ömürlük ruhumuza hopar.

Bütün bunlar xəstəliyin əhatə dairəsinin daha da genişlənməməsi, özümüzü və başqalarını qorumaq üçün əməl etməli olduğumuz məcburiyyətdir. Nə qədər ki, pandemiyaya qarşı mübarizə tədbirləri davam edir, hər birimiz bu məhdudiyyətlərlə yaşamalıyıq, belə yaşamağa məcburuq.

Amma bu məcburiyyətdən gələn reallığın özü də çox şeylər öyrədir, ancaq özün üçün yaşamağın, ancaq özünü düşünməyin, başqalarına laqeydlik göstərməyin nə qədər eybəcər bir mənzərə olduğunu həyatımızın bu məhdudiyyətlərlə dolu hər anında əks etdirir.

Özümüzə baxıb görürük ki, İlahi, daşıdığımız dəyərlərsiz, doğmalarsız, bizi bir-birimizdən ayıran məsafələrlə, lazımi anda köməyə tələsə bilməməyin, dar ayaqda başqalarının yanında ola bilməməyin imkansızlığı içində həyatımız nə qədər mənasızmış, bozmuş, məzmunsuzmuş, soyuqmuş.

Anlayırıq ki, insan həyati vacib və həm də müvəqqəti olduğunu bildiyi məcburiyyətlər vadar etməyənə qədər ürəyinin qapılarını başqalarına bağlamamalıdır. Özü ilə başqaları arasında məsafə qoymamalıdır, ülfətdən, ünsiyyətdən, birgəlikdən qaçmamalıdır.

***

Əfsuslar olsun ki, son onilliklərdə fərdiyyətçilik düşüncəsi təkcə insanların deyil, ayrı-ayrı dövlətlərin davranışlarına, yanaşmalarına da keçməkdə idi. Böyük dövlətlər, onları idarə edən rəhbərlər özünütəcrid xəstəliyinə yoluxmuşdular elə bil. Sərgilədikləri tərzdən, yürütdükləri siyasətin, verdikləri qərarların mahiyyətindən belə nəticə çıxırdı ki, bu dövlətlər üçün artıq başqaları deyilən bir anlayış yoxdur. Ümumi faydalar naminə əməkdaşlıq niyyəti onlar üçün öz ömrünü başa vurub. Özlərini qlobal tərəqqinin əsas hərəkətverici qüvvəsi sayan bu dövlətlər, siyasi liderlər, cəmiyyətlər inkişaf nailiyyətlərini, mövcud resursları daha kiminləsə bölüşmək niyyətində deyillər.

Necə deyərlər, başlı başını saxlasın...

Qəfildən yaranan COVID-19 böhranı isə bir daha sübut etdi ki, dünyada özgə dərdi heç zaman yoxdur, müasir dünyamızda isə heç yoxdur.

Dünyanın ziyanları, itkiləri, hamıya eyni dərəcədə toxunan bəlaları heç zaman bitib-tükənən deyil. Bəşəriyyət bu bəlalara qarşı immuniteti özünütəcridlə yox, yalnız həmrəyliyi, vəhdəti, əməkdaşlığı daha da gücləndirməklə, ümumbəşəri dəyərlərə tapınmaqla formalaşdıra bilər.

Bu pandemiyanı üçüncü dünya müharibəsi adlandıranlar tam haqlıdırlar. Bu, həqiqətən üçüncü dünya müharibəsidir və müəyyən mənada əvvəlki iki müharibədən də qorxuludur. Real müharibədən fərqli olaraq, burada bəşəriyyət gözəgörünməz düşmənlə üz-üzədir, onun hansı cinahlardan həmlə edəcəyi, qüvvəsi, cəbbəxanası bilinmir. Bu müharibədə arxa cəbhə, ön cəbhə anlayışı da yoxdur. Burada insanın olduğu hər yer döyüş xəttidir, müharibə meydanıdır, ölümcül virusun zəhərli nəfəsinin gəlib çatdığı yerdir.

Dünyanın heç də bütün ölkələri bu düşmənə qarşı vuruşda lazımi qədər "silah-sursat”a, "əsgəri qüvvə”yə malik deyil. Dünyadakı mövcud səhiyyə sistemi, tibb infrastrukturu, personal hətta hər nə qədər inkişaf etmiş olsa belə yenə də məhdud sayda insan üçün nəzərdə tutulub. Dünyanın heç bir ölkəsinin xəstəxanaları sayları hər gün az qala həndəsi silsilə ilə artan bu qədər yoluxmuş insanı eyni vaxtda qəbul etmək gücündə görünmür.

Üstəlik, dövlətlərin üzləşdiyi problemləri yoluna qoyan, lazımi infrastrukturu bir neçə günün içində düzüb-qoşan güclü iqtisadiyyatdır. Amma COVID-19 kabusu insanların sağlamlığı ilə bərabər, iqtisadiyyatı da yarımcan vəziyyətə salır, böyük zəhmət bahasına başa gəlmiş sosial-iqtisadi düzəni pozur, inkişafı əngəlləyir, bütün bunlar isə ümumən dünyanı böyük bir çıxılmazlığa məhkum edir.

***

İndi dövlətlərin özünütəcridi ən böyük yanlış olar. Qlobal həmrəyliyə, məsələlərə qlobal baxışa bu günün dünyasında hər zaman olduğundan da böyük ehtiyac var.

Bəşəriyyət Birinci Dünya müharibəsini bu həmrəyliyin hesabına sonlandıra bilmişdi. İkinci Dünya müharibəsi zamanı əfi ilan kimi Yer üzünün köksünə sarılmış faşizm bəlasının kökünü də həmrəyliyin gücü sayəsində kəsmişdi. Yeni minilliyimizin bu, ilk ən miqyaslı bəlasından da qurtuluşun yeganə çarəsi yenə əl-ələ verməkdir. Bəşəriyyətin gələcəyə doğru yolunda çəpərə çevrilmiş maneənin üzərinə birgə yeriməkdir, bir-birinə həyan olmaqdır, ümumi qayğılarla yanaşı, ümumi imkanları, faydalı təcrübələri, qlobal suallara mümkün cavabları da bölüşməkdir və birliyin gücü ilə problemləri gələcək üçün yeni imkanlara çevirməkdir.

Bu həqiqətdən vaxtında nəticə çıxarmadan özünü qırağa çəkmək, bəşəriyyətin bu günü və gələcəyinə görə məsuliyyəti özündən kənarlaşdırmaq, ölkələri də, insanları da özləri ilə yalqız buraxmaq dünyamız üçün pandemiyalardan da dəhşətli xəstəlik ola bilər.

***

Bütün bunlar, yəqin ki, indi dünyada əksəriyyətin narahat qənaətləridir. Amma təkcə təlaşlı düşüncələr, qlobal həmrəylik arzuları ilə iş bitmir. Hər bir işdə olduğu kimi, gərək bu məsələdə də irəli düşən, başqalarında inam yaradan, həmrəylik təşəbbüslərinin reallığa çevrilməsi üçün lazımi tədbirlərin zəhmətinə qatlaşan fədakar liderlər, bacarıqlı təşkilatçılar olsun.

Həm də nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası müxtəlif sahələrdə olduğu kimi, beynəlxalq əməkdaşlığın miqyasına, qarşılıqlı kommunikasiyaların intensivliyinə də çox mənfi təsir göstərib. Sadə dildə desək, hər kəsin başının öz dərdinə, qayğılarına qarışdığı bu çətin günlərdə qarşılıqlı ünsiyyət, faydalı əməkdaşlıq üçün yeni formaların tapılmasına ehtiyac var.

Və bu formaları kimsə tapmalı, təşəbbüsü öz üzərinə götürməlidir.

***

Bütün zamanlarda belə olub...

Tarixi örnəklər də, parlaq nümunələr də, vəziyyəti idarə etməyə qabil liderlər də adətən böhran anlarında önə çıxır.

Kimin kim olduğu, malik olduğu dəyərlər, niyyətlər, baxışlar belə məqamlarda müəyyənləşib konkretləşir. Bu mənada COVID-19 böhranı bəşəriyyətə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycanı və bu dövlətin Lideri nümunəsini təqdim etdi.

Qərblə Şərqin təmas nöqtəsində yerləşən ölkəmiz son onilliklərdə dünyanın bu günü və gələcəyi üçün ayrı-ayrı sahələrdə bir çox inkişaf modelləri, qlobal məsələlərlə bağlı uyğun həllər formalaşdırmışdı. Azərbaycan pandemiya dövründə verilən qərarlar, həyata keçirilən tədbirlər, irəli sürülən beynəlxalq təşəbbüslər, məsələlərə bir günün prizmasından deyil, uzaq strateji baxışla dünya üçün daha bir nümunə yaratdı.

Hələ ölkəmizdə koronavirus pandemiyasına qarşı təcili və təxirəsalınmaz tədbirlərin başlandığı ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyev "Biz birlikdə güclüyük!” çağırışını irəli sürmüşdü.

Və demişdi ki, bu çağırış pandemiya bitəndən sonra da aktual olacaq.

Dövlətmizin rəhbərinin bu xitabını zaman Azərbaycan hüdudlarından kənara çıxararaq bütün bəşəriyyətin həssaslıq göstərməli olduğu qlobal çağırışa çevirdi.

COVID-19-un geniş miqyas aldığı ilk günlərdən cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizə üzrə regional və beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər bu sahədə beynəlxalq həmrəyliyin gücləndirilməsinin nə qədər zəruri olduğunu aktuallaşdırdı.

Dünya Azərbaycan Prezidentinin qlobal həmrəylik məramlı təşəbbüsləri ətrafında bir araya gəldi.

Azərbaycan pandemiya dövründə ölkələr, xalqlar arasında qırılmış əlaqələri, bir-birindən təcrid olunmuş dünyanı yeni və müasir formatlarda beynəlxalq əməkdaşlıq təşəbbüsləri ilə bir yerə toparladı və "Biz birlikdə güclüyük” çağırışının əyani mənzərəsini cızdı.

***

COVID-19-a qarşı mübarizə sahəsində ilk regional həmrəylik təşəbbüsü Prezident İlham Əliyevin hələ apreldə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu qurumda bir araya gələn dövlət və hökumət başçılarının fövqəladə Zirvə görüşünü keçirməsi idi.

Bu təşəbbüs sayəsində Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat oldu. Dünyanın əksər ölkələrində pandemiyanın genişlənməsi, kütləvi yoluxma və insan itkiləri səbəbindən böyük isterikanın yaşandığı günlərdə nümayiş etdirilən belə bir təmkinli yanaşma, Türk Şurası formatında aparılan faydalı müzakirələr və təqdim edilən uyğun həllər bütün dünyada böyük maraq doğurdu.

Hər kəs fərqində oldu ki, sərhədləri bir-birinin üzünə qapamaq problemdən çıxış yolu deyil. Fiziki sərhədlər möhkəmləndirildiyi qədər mənəvi sərhədlər ortadan götürülməlidir, ölkələr, xalqlar eyni düşmənə qarşı mübarizədə birləşməlidir. Ümumi evimiz olan dünyanı qorumaqdan ötrü hər kəs imkanlarını ortaya qoymalıdır. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələr

COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqəti artırdı. Bu istiqamətdə yeni təşəbbüslərin ortaya çıxmasına şərait yaratdı.

***

Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun da COVID-19 pandemiyası ilə bağlı onlayn Zirvə görüşü keçirildi. Yada salaq ki, Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirir və BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat sayılır. Belə bir qurumun pandemiya mövzusuna Zirvə görüşü həsr etməsi tarixi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkil edilmiş Zirvə görüşünün tarixi rolunu, qlobal faydalarını şərtləndirən həm də o idi ki, burada təkcə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəhbərləri yox, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər.

Elə Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifini də Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəki çıxışı zamanı irəli sürdü.

Bu təşəbbüs əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edildi. Qərarın qəbuluna dünyanın 130 dövlətinin dəstək verməsi bir tərəfdən Azərbaycan Prezidentinin təklifinin qlobal əhəmiyyətini, digər tərəfdən beynəlxalq ictimaiyyətin ölkəmizə, dövlət rəhbərimizə olan böyük inamının göstəricisidir. Belə bir inamsa bir günün içində yaranmayıb. Cənab İlham Əliyev ölkəmizə də, Lider olaraq öz şəxsinə də bu inamı strateji düşüncə qabiliyyəti, təmkini, müdrik zəkası, təhlil bacarığı, qərarvermə əzmi ilə formalaşdırıb.

Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq miqyaslı problemlərin aradan qaldırılması yönündə irəli sürdüyü ilk təşəbbüslər deyil. Bu təşəbbüslərin qəbul edilib həyata keçirilənləri, öz məqsədinə çatıb, effektiv nəticələr yaradanları çox olub.

Dünya liderləri arasında aparılan müzakirələrin tam təfərrüatlarını bilmirik. Bununla belə ehtimallarımıza əsasən yəqinliklə deyə bilərik ki, cənab İlham Əliyevin indiyə qədər lazımi səviyyədə dəstək qazanmayan, yaxud öz vaxtında, məqamında faydaları başqaları tərəfindən lazımi şəkildə dərk edilməyən təşəbbüsləri də olub. Aradan zaman keçib və tarix bu təşəbbüslərin də nə qədər yerində irəli sürüldüyünü, böyük faydalar vəd etdiyini və həmin təşəbbüsü qəbul etməyənlərin o faydaları itirdiklərini sübuta yetirib. Ona görə də indi beynəlxalq siyasətin aparıcı simaları arasında belə bir əminlik var ki, əgər hər hansısa bir təklifi Azərbaycan Prezidenti irəli sürürsə, deməli, o təklifin perspektivlərinə inanmağa dəyər.

Cənab İlham Əliyevin təşəbbüslərini uğurlu edənsə onun dünya reallıqlarını düzgün dəyərləndirə bilməsidir. Yanaşmalarının hər hansı populizmə deyil, soyuq başla aparılmış hərtərəfli analizlərə əsaslanmasıdır. Qlobal trendlərlə bağlı zəngin informasiyalara söykənməsidir. Mövcud reallıqların, meyillərin necə bir gələcəyə doğru aparması ilə bağlı aydın vizyona sahib olmasıdır.

Təbii ki, bütün bunları tamamlayan Azərbaycan Prezidentinin zəngin idarəçilik təcrübəsi, beynəlxalq münasibətlər sistemi və qlobal iqtisadiyyat haqqında geniş bilikləri, dünyanın bu günü qədər tarixi haqqında da dərin biliklərə sahib olmasıdır.

***

BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi dünyaya nə verəcək?

Bu sual, yəqin ki, dəyərli oxucularımı da maraqlandırır. Belə bir sessiya, ilk növbədə, beynəlxalq ictimaiyyətin ümumi bəlaya qarşı toparlanmasına şərait yaradacaq. Nə gizlədək, qəfildən yaxalandığı böhrandan, pandemiyanın qısa zamanda bu qədər geniş miqyas almasından, ötən ilin bu gününə qədər heç kimin ağlına belə gəlməyəcəyi gözlənilməzliklərdən dünya indi param-parça, dağınıq haldadır. Çıxış yollarının müzakirəsindən, effektiv həllərin tapılmasından, gələcək üçün birgə addımların planlaşdırılmasından ötrü ölkələrin bir araya yığışması, obrazlı desək, dünyanın özünə gəlməsi çox mühümdür.

Bundan başqa, insanlarda COVID-19-la bağlı xeyli cavabsız qalmış suallar var. İnformasiya xaosunun, məqsədli-məqsədsiz ortaya atılan şübhələrin, yaradılan panikanın ziyanları az qala pandemiyanın gətirdiyi təhlükələrdən də böyükdür. Bunun bioloji silah olması barədə ortaya atılan iddialar doğrudurmu?! Əgər bu həqiqətən belədirsə, dünya belə təhdidlərə qarşı necə mübarizə aparmalıdır?! Virusa qarşı vaksinin tapılmasının bu qədər yubanmasına səbəb nədir?! Ümumiyyətlə, hazırda bu istiqamətdə hansı işlər gedir, hansı elmi proqramlar həyata keçirilir? Ölkələr elmi müstəvidə öz imkanlarını necə birləşdirə bilər? İqtisadi ləngimələrin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır və s.

Bütün bu suallara dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyasında aydınlıq gətirilməsində çox böyük fayda var. Bu, cavabsız sualları ortadan götürər, qlobal etimadı və qarşılıqlı əməkdaşlığı möhkəmləndirər və dünyanın bəladan qurtuluşuna mühüm töhfə olar.

***

Hər ziyanda bir xeyir olduğu kimi, COVID-19-un ziyanları ilə yanaşı, ölkələr və ümumilikdə dünya üçün yaratdığı yeni fürsətlər də var, açığı. İnnovativ inkişafın sürətləndirilməsi, rəqəmsallaşma trendləri, ölkələr arasında rəqəmsal uçurumun aradan qaldırılması, insanlara sosial qayğı, vətəndaşların sağlamlığının qorunması məsələləri, lazımi anlarda bizneslərə dəstək, ən əsası isə, yeni gözlənilməzliklərə hazırlıq postpandemiya dövrünün əsas zərurətləri olacaq.

Bəlkə heç özümüz də fərqinə varmadan sabit, rəvan, sadə, əvvəlcədən proqnozlaşdırıla bilən dünya bizim üçün çoxdan bitib. Biz "VUKA dünya”ya daxil olmuşuq. İngilis dilində Volatility (qeyri-stabillik), Uncertainty (qeyri-müəyyənlik), Complexity (mürəkkəb) və Ambiguity (birmənalı olmayan vəziyyətlər) sözlərinin qısaldılmasından yaranmış "VUKA dünya”nı qısa şəkildə gözlənilməzliklər dünyası da adlandıra bilərik. Hətta heç COVID-19 baş verməsəydi belə yenə də belə bir dünyanın sürətli dəyişikliklərinə uyğunlaşmaq çox çətindir.

Amma həyat uyğunlaşmağı tələb edir. "VUKA dünya”nı təhlil edən elmi mərkəzlər, ayrı-ayrı alimlər də yeni dünyada problemlərlə qarşılaşmamaq, maneələri imkanlara çevirməkdən ötrü məhz qarşılıqlı əməkdaşlığı, kommunikasiyaları, həmrəyliyi, təcrübə mübadiləsini, sistemli yanaşmanı, qərarlı olmağı və innovasiyaları mənimsəməyi vacib sayırlar.

Başqa tərəfdən, diqqət edirsinizmi artıq dünyada müharibələr dayanıb. Terror aktları xeyli səngiyib. Havanın çirklənməsi, ekoloji fəlakətlərin miqyası belə azalıb. Bəlkə bu müsbət məqamları postpandemiya dövründə də qoruyub saxlamaq üçün həllər tapıldı?! Yaxud Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etmiş BMT-nin bu sayaq regional münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli üçün hərəkətə keçməsi vaxtı deyilmi?! COVID-19 həqiqəti yaxın gələcəkdə hamının hüzur içində yaşaya biləcəyi bir dünyanın qurulmasından, davamlı inkişafın, insanların rifahının təmin olunmasından, ölkələrə, cəmiyyətlərə qarşı təhdidlərin aradan qaldırılmasından ötrü bu cür məsələlərin də yoluna qoyulmasının vacibliyini göstərir.

Bu baxımdan Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyət üçün həm hamını eyni dərəcədə təhdid edən ümumi bəlalara qarşı səyləri birləşdirmək, həm də "VUKA dünya”nın reallıqlarını nəzərə alıb, gələcəklə bağlı bir çox məsələləri götür-qoy etməkdən ötrü böyük bir fürsət yaratdı.

Və qısa zamanda bu təşəbbüsün belə böyük dəstək qazanması da onun vaxtında irəli sürüldüyünü, aktuallığını göstərdi.

***

Bu sətirləri yaza-yaza düşünürəm ki, müasir dünyamızın reallıqlarını ən xırda detallarına qədər nəzərə alan belə bir qlobal təşəbbüs elə ancaq cənab İlham Əliyevdən gələ bilərdi.

Bu, məhz Onun missiyasıdır. Tarix bu missiyanı sanki onun boyuna biçib.

Cənab İlham Əliyev hələ Azərbaycan Respublikasının Prezidenti olmamışdan əvvəl də qlobal miqyaslı mühüm simalardan birinə çevrilmişdi.

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin SSRİ boyda nəhəng imperiyanın rəhbərliyinə seçilməsindən sonra cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin deputatı statusunda Avropa Şurası Parlament Assambleyasının sədr müavini seçilməsi dövlətçilik tariximizin ikinci mühüm hadisəsi idi.

İlham Əliyev Azərbaycan Prezidenti olaraq ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsinə nail olmaqla bu tarixi estafeti davam etdirdi və müəyyən bir dövr ərzində BMT Təhlükəsizlik Şurasına sədrlik edərək qlobal miqyaslı Lider mövqeyini daha da möhkəmləndirdi.

Və COVID-19 böhranının bütün dünyanı sardığı, ölkə rəhbərlərinin çaşqınlıq içində qaldığı gərgin günlərdə öz təmkini, müdrik yanaşmaları, effektiv addımları, yaratdığı nümunələrlə göstərdi ki, dünya tarixini yalnız İlham Əliyev kimi liderlər irəli apara, davamlı inkişaf xəttini də, insanların təhlükəsizliyini də yalnız belə qətiyyətli dövlət adamları qoruya bilər.

Əksər ölkələrdə pandemiya səbəbindən çaxnaşmanın yarandığı, idarəçilərin də, səhiyyə sistemlərinin də başını itirdiyi, iqtisadiyyatın iflas həddinə gəldiyi, insanların ayağa qalxıb hiddətlə hökumətlərin üzərinə yeridiyi, hətta qlobal təhlükəsizliyin təhdid altına düşdüyü günlərdə belə Azərbaycan öz müvazinətini saxlayır. Səhiyyə infrastrukturumuz yaradılan yeni xəstəxanalar hesabına sürətlə genişləndirilir. Sistem, tibbi təchizat ehtiyaclara uyğunlaşdırılır, dövlət öz vətəndaşlarının yanındadır və Azərbaycanda pandemiyadan insan itkilərinin müqayisədə şükürlər ki, minimal səviyyədə olması məhz bunun sayəsindədir.

İqtisadiyyatımızda müəyyən geriləmələr olsa da, məqsədyönlü qərarlar hesabına bu, başqa ölkələrdəki həddə deyil. Cənab İlham Əliyev insanların sağlamlığı ilə yanaşı, gündəlik ruzisini də qoruyur. Dövlətin vətəndaşlara sosial qayğısını davam etdirir. Sahibkarların iş-gücünə dəstək olur.

Əhali ilə sıx kommunikasiyaları davam etdirərək indi ən çox ehtiyac duyduğumuz dəyəri - cəmiyyətimizdə milli vəhdəti, doğmalığı daha da gücləndirir. Apardığı köklü islahatlarla, naqis əməl sahiblərinə qarşı qətiyyətli addımları ilə yüksək inam yaradır. İnsanlara özlərini təhlükədən qorumaq üçün verdiyi tövsiyələrlə, qapalı yerlərdə şəxsən özü maska taxaraq yaratdığı şəxsi nümunələrlə cəmiyyəti maarifləndirir.

Və qlobal böhran dövründə öz baxışlarını, faydalı təşəbbüslərini, Azərbaycanın problemin həlli sahəsində effektiv təcrübəsini dünya ilə də bölüşür.

Bu, artıq qlobal miqyasa yüksəlmiş, o səviyyədə düşünən, məsələlərə zamanın ənginliklərindən baxa bilən bir Liderin, dövlət adamının məqamıdır.

***

Azərbaycanı dünyanın əsas ölkələrindən, cənab İlham Əliyevi isə qlobal aləmin aparıcı liderlərindən birinə çevirən prosesə ölkəmizin Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da töhfələri böyükdür. Ümumən, Azərbaycan Prezidentinin elə bir tarixi nailiyyəti yoxdur ki, orada Mehriban xanımın mənəvi dəstəyi, dəyərli töhfələri nəzərə çarpmasın.

O, Qərb aləminin əsas düşüncə mərkəzlərindən olan UNESKO-nun və Şərq dünyası üçün eyni missiyanı yerinə yetirən ISESCO-nun xoşməramlı səfiri kimi çox mühüm statuslar daşıyır. Bu statusların ali nüfuzu öz yerində, Mehriban xanım eyni vaxtda hər iki qurumun xoşməramlı səfiri missiyasını yerinə yetirən nadir şəxsiyyətlərdəndir.

İgid ifadəsini adətən zərif cinsin nümayəndələrinə az aid edirlər, amma Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini təcəssüm etdirən Mehriban xanıma bu ifadə çox yaraşır. Onun öz mərhəməti, xeyirxahlığı, şəfqəti, insanlara sevgisi, milli və ümumbəşəri dəyərlərə bağlılığı, bütün dünyada sülhü, tolerantlığı, multikulturalizmi təbliğ etməsi və nəcib əməyinin qiyməti kimi bu yüksək statusları qazanması əsl igidlikdir.

Mehriban xanım Azərbaycan xalqının, bu xalqın qurduğu dövlətin nəcib nişanələrini mədəniyyətin gücü ilə dünyanın Vatikan sarayı, Luvr muzeyi və başqa belə mədəniyyət məbədlərinə yazmış adamdır.

Bu gün Vatikandakı Müqəddəs Marçellinio və Pietro katakombalarını ziyarət edən adam orada bu dini abidələri bərpa edən şəxsin katolik, yaxud xristianlığın digər təriqətinə aid biri yox, müsəlman azərbaycanlısı, Azərbaycan insanı olduğunu görür. Dərhal Azərbaycanla maraqlanmağa başlayır, ölkəmiz, xalqımız haqqında faydalı bilgilər toplayır, öz evinə, icmasına, ətrafına bu xalq haqqında sağlam, xeyirli fikirlər aparır.

Budur Azərbaycanın keçmişinə, bu gününə, gələcəyinə verilən töhfə, budur qlobal miqyasda düşünmək, budur Azərbaycan qadınının öz el-obasının da, bu el-oba üçün çalışan ərəninin də adını uca tutması, ucalara yüksəltməsi.

Budur Azərbaycanın inkişafı, tarixin ən qüdrətli Azərbaycanının gəlib çatdığı yer...

O Azərbaycan ki, bu gün cənab İlham Əliyevin sayəsində həm də adını tarixə dünyanın ən çətin situasiyalarına ən hazırlıqlı ölkələrindən biri kimi yazır.

***

Qeydlərimin əvvəlində dünya tarix

inin pandemiyaya qədər və postpandemiya olmaqla iki dövrə bölünəcəyini yazmışdım.

Fikrimcə, bu bölgü öz əməlləri ilə tarix yaradan liderlərə də aid olacaq və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderlik salnaməsində pandemiyaya qədərki və postpandemiya dövrləri ayrı-ayrı mərhələlər təşkil edəcək.

Əgər COVID-19-a qədər Azərbaycan Prezidenti regionun lider dövlətinin rəhbəri, Avrasiya məkanının əsas söz sahiblərindən biri idisə, pandemiya dövrünün reallıqları cənab İlham Əliyevi artıq qlobal miqyaslı liderlərdən biri səviyyəsinə yüksəldir.

 

DİGƏR Xəbərlər Arxiv