YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin ölkəmiz və dünya insanları üçün təşəbbüsləri

Aqşin Bağırov,

YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri

2020-ci ilin əvvəlindən bütün dünyada yayılmağa başlayan Koronavirus pandemiyası təkcə insanları deyil, dövlətləri, hətta dünya birliyini də çox ağır sınaq qarşısında qoymuşdur. Belə bir məqamda dövlətin idarə olunması, ölkə əhalisinin sağlamlığının və sosial rifahının təmin edilməsi və ölkənin beynəlxalq nüfuzunun qorunub saxlanılması idarəedicidən böyük səriştə və müdriklik tələb edir. Biz sevinirik və qürur duyuruq ki, məhz belə bir məqamda Azərbaycan dövləti prezidentimiz İlham Əliyevin müdrik qərarları və göstərişləri ilə pandemiya bəlasına qarşı etibarlı sipər formalaşdıra bildi. Ölkə daxilində həyata keçirilən sosial-iqtisadi siyasətə və əməli işlərə diqqət yetirsək bunu daha aydın görə bilərik.

Belə ki, prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, peşəkar tibbi personal, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar, "Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə pandemiyaya qarşı yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhranı daha az itkilərlə keçirməyə imkan verir.

Təsadüfi deyil ki, bu gün istər pandemiyaya qarşı mübarizə və əhalinin sağlamlığının mühafizəsi, istərsə də pandemiyanın iqtisadiyyata və sosial rifaha mənfi təsirlərinin azaldılması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir və bir örnək kimi qəbul olunur. Ölkəmizin pandemiya ilə mübarizədə təşəbbüsləri, təsirli tədbirləri başqa dövlətlər tərəfindən də tətbiq edilir.

Azərbaycan sosial dövlətdir və prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması əhalinin rifahının təminatı istiqamətində atılan mühüm addımlarda, ildən-ilə genişlənən sosial proqramlarda əyani təsdiqini tapır. Koronavirus pandemiyası dövründə də "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən cənab İlham Əliyevin güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir.

Cənab prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edildi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir.

Bu gün ölkə daxilində sürətli şəkildə qurulan modul tipli tibbi yardım mərkəzləri əhalinin virusa yoluxmasında artan statistikasını qarşılamağa imkan verməkdədir. Nəticədə digər dünya dövlətlərinə nisbətən virusa yoluxanların sayında artım olsa da, ölüm hallarının sayı çox aşağı olmuşdur. Bu göstəricilərdə ölkəmizi Almaniya ilə müqayisə etmək mümkündür.

Prezident cənab İlham Əliyev pandemiya ilə mübarizədə təkcə ölkə əhalisinin rifahını və sağlamlığını düşünməklə kifayətlənməmiş, həmçinin dünya insanlarının qorunması üçün beynəlxalq təşəbbüslərlə də çıxış etmişdir.

Məhz prezidentimizin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olub.

Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Bu tədbir məhz prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Təsadüfi deyil ki, məhz bundan sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı. Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə ikinci beynəlxalq tədbir - Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

Qırxa yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, o cümlədən BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Zirvə toplantısı, ilk növbədə, Azərbaycana və prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi kimi tarixə düşdü. O cümlədən Zirvə görüşünə BMT-nin Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisi oldu.

Ötən gün pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkəmizdə yeni modul tibbi mərkəzin açılışı zamanı jurnalistlərə verdiyi müsahibədə prezident bir daha qətiyyətlə bildirdi ki, dünyamızda varlı dövlətlər öz insanlarını qoruyub, dünyanın kasıb ölkələrinin insanlarını qurban verməməlidir. Buna görə dünya birliyi toplanmalı və bu məsələ ilə bağlı əməli işlər görməlidir. Məhz BMT Baş Assambleyasının pandemiya ilə bağlı toplanmasının da təşəbbüskarı prezident cənab İlham Əliyevdir.

Biz inanırıq ki, prezidentimizin bu təşəbbüsləri təkcə Azərbaycan insanını deyil, həm də dünyanın sosial vəziyyətindən, irqindən, dinindən asılı olmadan bütün insanlarını və bununla da insanlığı qorumaq üçün böyük dəyər qazanacaq. Dünya birliyinin bu təşəbbüs əsasında toplanaraq verəcəyi qərarlar dünyamızı pandemiya bəlasından xilas edəcəkdir.