YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Bu gün dünya üçün ən aktual məsələ Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” tezisidir

“Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycan dövlətinin və xalqının adına yazılmış növbəti siyasi və diplomatik uğurdur. Xüsusi sessiyanın keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün 130-dan artıq ölkənin dəstəkləməsi isə xüsusi haldır. Hər kəsin xatirindədir ki, 2011-ci ildə də Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi üçün ölkəmizin namizədliyini 155 dövlət dəstəkləmişdi. Bütün bunlar Azərbaycanın dünyanın siyasi xəritəsində nə qədər böyük nüfuza malik olduğunun göstəricisidir”. Bunu “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dünyanın hazırki pandemiya dönəmində birləşməyə, vahid “düşmənə” qarşı birgə döyüşməyə ehtiyacı var: “Tarixin acı nəticələri var. Hamımız bilirik ki, təxminən 100 il öncə də bu cür pandemiya dünyanı lərzəyə gətirmişdi. O zaman da hər bir ölkə özünütəcrid siyasəti yürütdü, təkbaşına mübarizə aparmağa çalışdı. Lakin sonda nəticə çox acınacaqlı oldu. Dünyanın 500 milyon sakini İspan qripinə yoluxdu. Yoluxanların 100 milyonu isə pandemiyanın qurbanı oldu. Bu virus dünyadan Maks Veber kimi dahini də aldı. Yəni, demək istədiyim odur ki, pandemiya ilə təkbaşına mübarizə aparmaq mümkün deyildir. Ona görə də, bu gün dünya üçün ən aktual məsələ Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” tezisidir. Bu kontekstdən yanaşdıqda Prezident İlham Əliyevin qlobal təşəbbüsü həm dünya dövlətləri və xalqlarına hava-su kimi vacib olduğu üçün, həm də Onun şəxsinə olan yüksək hörmətə görə beynəlxalq birlik tərəfindən birmənalı şəkildə dəstəkləndi”.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü bütün dünya dövlətlərinin və xalqlarının koronovirus pandemiyasından xilasına hesablanıb: “Bu fikrin çox sadə bir formada izahı var. Birincisi, koronovirus pandemiyasının elan olunduğu ilk aylarda dünyada güclü özünütəcrid siyasəti müşahidə edildi. Bu isə virusun daha geniş yayılmasına və hər bir dövləti, xalqı ayrı-ayrılıqda yaxalamağa başladı. Yəqin ki, hər kəs xatırlayır, necə mart-aprel aylarında ABŞ-da, İtaliyada, İspaniyada, Almaniyada, Fransada və başqa ölkələrdə günə 8-10 min insan ölürdü. Bu, bir həyəcan siqnalı idi ki, dünyanın öndə gedən ölkələri bunu duymalı idilər. Lakin çox təəssüflər olsun ki, biz dünyanın siyasi və iqtisadi gündəliyini müəyyənləşdirən ölkələrdən bu təşəbbüsü görmədik. İkincisi, hazırda dünyanın 180-dən artıq ölkəsi koronavirus pandemiyasının əsarətindədir. Məhz, bu 180 ölkənin içərisində elə dövlətlər var ki, çox aciz durumdadırlar. Həmin ölkələrdə nəinki su, qida, hətta dərman preparatları tapılmır, xəstələri müalicə edəcək ixtisaslaşmış həkimləri yoxdur. Üçüncüsü, pandemiya ilə mübarizə aparmaq üçün lazım olan dərman preparatlarını, tibbi avadanlıqları istehsal edən ölkələrin bir çoxu eqoist mövqe nümayiş etdirir. Dərmana, avadanlıqlara ehtiyacı olan ölkələrə onları satmırlar. Bu, bir tərəfdən öz xalqını qorumaq, ən riskli vəziyyətə hazır olmaq baxımdan anlaşılandırsa, digər tərəfdən ümumbəşəri dəyərlər kontekstindən düzgün deyil. Dördüncüsü, qlobal yardımlaşma və paylaşma ilə bağlı məqamdır. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri imkanları olduğu təqdirdə belə çətin vəziyyətdə olan ölkələrə yardım etmirlər. Lakin Azərbaycan bu günə qədər 30-dək dövlətə, 3 beynəlxalq təşkilata yardım edib. Bununla da qlobal səviyyədə nümunə kimi qəbul ediləcək addım atıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü qlobal yardımlaşma və paylaşma fəlsəfəsini özündə əks etdirir. Təsəvvür edin ki, bir gün koronavirus əleyhinə vaksin tapıldı və imkanlı, inkişaf etmiş ölkələr öz xalqları üçün aldılar, onları sağaltdılar. Bəs, yerdə qalan kasıb, imkanı olmayan xalqlar, dövlətlər? Bu gün Afrikada, Asiyada, Cənubi Amerikada ölkələr var ki, pandemiya qurbanları üçün tabut belə çatdıra bilmirlər. Bütün bunlar çox ciddi siqnallardır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasında göstərilən hallarla bağlı dünyanın gələcəyi ilə əlaqədar əhəmiyyətli qərarlar verilə bilər”.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasından sonra etiraz etmiş, müqavimət göstərmiş Ermənistan və “beşinci kolon” rəzil vəziyyətə düşəcəklər, bir daha irticaçı mövqe tutmaları aydınlaşmış olacaq.