YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans formatında tədbir keçirilib

İyunun 11-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Əli Əhmədov bildirib ki, XX əsrin sonlarında Azərbaycanın tarixində  iki mühüm tarixi hadisə baş verdi. Bunların birincisi, 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyinə qovuşması, ikincisi isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında möhtəşəm tarixi qayıdışı hesab olunmalıdır. Onun fikrincə, Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı obyektiv tarixi zərurət və Azərbaycanın xilası şansı idi.

YAP Sədrinin müavini qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşsa da, o zamankı hakimiyyət ölkəni inkişafa deyil, tənəzzülə sürüklədi. 1992-ci ildə hakimiyyəti ələ alan AXC-Müsavat cütlüyü isə Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Həmin illərdə respublikada sosial-iqtisadi, siyasi böhran hökm sürürdü.  İnfilyasiya 1600 səviyyəsində idi, insanlar çörəklə sınağa çəkilirdi. Belə bir vəziyyətdə Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. 1993-cü ildə baş verən Gəncə qiyamı isə “böyük partlayış” oldu. Bu hadisə nəticəsində ölkədə vəziyyət daha da pisləşdi, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdik.

Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin möhtəşəm dönüş nöqtəsidir. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: “Şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı”.
YAP Sədrinin müavini qeyd edib ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Xalqımız Heydər Əliyevin tarixi qayıdışını Azərbaycanın xilası şansı kimi qiymətləndirir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır.

YAP Sədrinin müavini deyib ki, qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur: “Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, Qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Qayıdış, əslində, Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi”.

Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini xatırladan Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş Nazirin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2003-cü ildən sonra da Azərbaycanın dövlət siyasəti Heydər Əliyev siyasəti, Heydər Əliyev ideyaları əsasında köklənib.

“Qurtuluşdan başlanan tarixi yol bu gün də davam etdirilir. Ölkəmizin bugünkü tərəqqisi, Prezident İlham Əliyevin siyasəti qurtuluşdan qaynaqlanır və ondan güc alır. Qurtuluşdan danışarkən bugünkü reallıqları göz önünə gətirmək kifayət edir ki, ölkəmiz nə qədər nailiyyətlər qazanıb. Beləliklə, qurtuluş qısa müddətdə ölkəmizin böyük inkişaf mərhələsinin əsası olub və bundan sonrakı dövr üçün də etibarlı əsaslar yaradıb”, - deyə YAP Sədrinin müavini qeyd edib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının  sədri Eldar İbrahimov deyib ki, 15 İyun - Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir. E.İbrahimov bildirib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

“Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-”Müsavat” hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin Sədri seçildiyi gün - 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki 15 İyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
E.İbrahimov deyib ki, Ulu Öndər Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verir. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Tədbirdə YAP Sədrinin müavini Əli Həsənov da çıxış edərək  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşən Əli Həsənov həmçinin Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan da geniş bəhs edib.

Tədbirdə həmçinin, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Ramil Həsən, Cavid Osmanov və YAP Balakən rayon təşkilatının sədri Azad Balayev çıxış edərək 15 İyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

DİGƏR Partiya xəbərləri Arxiv