YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir

“Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrin problemlərinin həlli hökumətin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət mərkəzindədir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 

F. Yıldırım bildirib ki, ötən illər ərzində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb: “İndiyə qədər respublikamızda 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Mayın 28-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı da bu siyasətin məntiqi davamıdır. Bu gün koronavirus pandemiyasının qlobal iqtisadiyyatın müxtəlif sahələrinə ciddi zərbələr vurmasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial layihələr uğurla davam etdirilir. Son illər qaçqın və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir.

Yeri gəlmişkən, Qobu qəsəbəsində şəhərciklərin tikintisinin təşəbbüskarı da məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olub. Bütövlükdə, Qobu qəsəbəsindəki hər 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi evlə təmin olunacaq”.

F. Yıldırımın sözlərinə görə, hamı, o cümlədən məcburi köçkünlər bilməlidirlər ki, bu şəhərciklər onlar üçün müvəqqəti yaşayış yeridir.

Millət vəkili xatırladıb ki, “Qobu-3” yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı: “Həqiqətən də, ermənilər Heydər Əliyevin adından belə çəkinirdilər. Qarabağlı kimi o dövrdə tez-tez ailəvi olaraq Xankəndində olan evimizə gedirdik və milliyyətçi ermənilərin ulu öndərimizə, həmçinin, azərbaycanlılara qarşı kinini daim hiss edirdik. Orada yaşayan ermənilər Heydər Əliyevdən çəkindikləri üçün bunu açıq ifadə edə bilmirdilər. Şübhə yoxdur ki, Ulu öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması hər bir azərbaycanlı üçün qürurverici fakt idi. Lakin Mixail Qorbaçov və onun ətrafındakı Aqambekyan, Şahnazarov kimi erməni "müşavirləri" Heydər Əliyevə və onun həm Sovetlər İttifaqında, həm də  beynəlxalq arenada yüksək nüfuzuna çox qısqanclıqla yanaşırdılar. Ulu öndəri vəzifəsindən uzaqlaşdırmaq üçün hiyləgər planlar hazırlayırdılar. Mən hesab edirəm ki, bu xəyanətkar planlar nəticəsində Heydər Əliyevin Moskvadan belə yüksək vəzifədən gedəndən sonra Qarabağın qara günləri başladı”.

Millət vəkili vurğulayıb ki, ermənilərin Azərbaycana qarşı Dağlıq Qarabağda ərazi iddiası məhz həmin dövrdən başlayıb: “Təəssüf ki, həmin dövrdə iqtidarla müxalifətin hakimiyyət uğrunda mübarizəsi nəticəsində respublikada yaranmış böhran ermənilər üçün çox əlverişli fürsət oldu və onlar torpaqlarımızı sürətlə işğal etməyə başladılar. Əgər vaxtında ölkədə düzgün siyasət aparılsaydı, torpaqlarımız Ermənistan tərəfindən işğal edilə bilməzdi, insanlar da öz torpaqlarından didərgin düşməzdilər.

Amma cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, "Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Cənab Prezidentin məcburi köçkünlərlə görüşü zamanı səsləndirdiyi bu bəyanat həm işğalçı Ermənistana, həm də beynəlxalq ictimaiyyətə mesajdır ki, o gün uzaqda deyil! Biz də Azərbaycan xalqı olaraq möhtərəm cənab Prezidentin ətrafında sıx birləşmişik. Bu birlik sayəsində torpaqlarımızın işğaldan azad edilməsinə nail olacağıq”.