YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sosial dövlət kimi mövqeyini möhkəmləndirir

Milli Məclisin deputatı Ağalar Vəliyev

 İqtisadi    tərəqqini  ölkənin hərtərəfli inkişafında əsas amil kimi  önə çəkən cənab  İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən «iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» tezisini irəli sürərək iqtisadiyyatın şaxələndirilməsi  istiqamətində biri-birindən əhmiyyətli addımlar atır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı bütün dövrlər üçün öz aktuallığını qoruyur. Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki,  neft gəlirlərindən səmərəli istifadə, şəffaflığın təminatı mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını şərtləndirir.  İqtisadi və maliyyə imkanların artması isə güclü  sosial siyasətə yol açan əsas amildir. Son illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək,  cənab İlham Əliyevin  2003-cü ildə verdiyi vədin-  «iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır» tezisinin reallıqda öz əksini tapdığını təsdiqləyir.  Dövlətimizin təkmil sosial islahatları  sosial xidmət sahəsində əldə olunan yenilklərdə də özünü aydın şəkildə  büruzə verir. Şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli addım olan DOST Agentliyinin və mərkəzlərinin yaradılması beynəlxalq səviyyədə təqdir olunmaqla yanaşı, bir çox ölkələrdə bu təcrübənin tətbiqinə başlanılıb.  Bu günlərdə  dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  3 saylı DOST mərkəzinin açılışı dövlətimizin siyasətində  bu sahənin prioritetliyini  bir daha nümayiş etdirdi.

      Statistikaya diqqət yetirək. Bu gün görülən tədbirlər 2019-cu ildən başlanan  təkmil islahatların məntiqi davamı kimi dəyərləndirilir. Belə ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi iki sosial paket  4,2 milyon insanın sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Minimum əmək haqqının 2 dəfə, minimum pensiyanın 70 faizdən çox artması təbii ki, ölkəmizin iqtisadi və maliyyə imkanlarının aydın təsəvvürünü yaradır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. İstər ötən ilin, istərsə də də 2020-ci ilin  ötən dövrünün sosial-iqtisadi göstəriciləri cənab İlham Əliyevin 2020-ci ilin də tariximizə  dərin islahatlar ili kimi yazılacağı  bardə   proqnozlarına əsas verir. Belə ki, dünyanın bürüyən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Pandemiyanın hər bir ölkənin, o cümlədən ölkəmizin iqtisadiyyatına vurduğu zərbə  inkaredilməzdir.  Lakin mövcud möhkəm baza, təkmil islahatlar  Azərbaycan dövlətinin hər bir çətinlikdən az itki ilə çıxacağına əminlik yaradır.  Dövlətimizin başçısı İlham Əliyev bu imkanlara söykənərək heç bir sosial layihənin təxirə salınmayacağını, iş yerlərinin azaldılmaması tezisini irəli sürdü. Cənab İlham Əliyevin  19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və  sahibkarlıq subyektlərinə  mənfi təsirinin azaldılması ilə bağlı  bir sıra tədbirlər haqqında” Sərəncamına uyğun olaraq təsdiqlənmiş Tədbirlər Planı   4 sektoru və 20 fəaliyyət sahəsini özündə ehtiva edən 10 yardım proqramını əhatə edir.  Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

  Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir.  Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Ümumilikdə iki milyona yaxın  işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.  Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev hər hansı  ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

     Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrindən biri kimi sahibkarlığın inkişafına  dövlət dəstəyi göstərilib. Onu da qeyd edək ki, işsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri bir neçə tədbiri əhatə edir. Bunlardan ən mühümü ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsidir. Birdəfəlik yardım 600 min insanı əhatə edir.   Bu dövrdə  əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu  məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb.  

   Həyata keçirilən Tədbirlər planının digər istiqamətlərindən biri də  özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsidir.   2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Sosial müdafiə tədbirləri  çərçivəsində  aztəminatlı ailələri üçün sosial yardım proqramının icrasını da xüsusi qeyd etməliyik.   Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. Dövlətimizin başçısı İlham Əliyevin  tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin edilir. Onu da qeyd edək ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.
  Təbii ki, dövlətimizin sosial dəstək tədbirləri  qeyd olunanlarla məhdudlaşmır. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Həmçinin həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi də təqdim olunan sosial paketin əsas tərkib hissələrindəndir.

     Qeyd edilənlər əsasında bu ümumiləşdirməni apara bilərik ki,  koronavirus pandemiyası şəraitində həyata keçirilən sosial müdafiə tədbirləri dövlətimizin başçısı İlham Əliyevin  “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” tezisini bir daha təsdiqləyir. Hər zaman vətəndaşının yanında olan  ölkə Prezidenti  bütün çıxışlarında bildirir ki,  insanların sağlamlığının təminatı, dövlətin dayanıqlı inkişafı, sosial rifah prioritetdir. Cənab İlham Əliyevin   sosial müdafiə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır və bu məmnunluq ölkə Prezidentinə ünvanlanan təşəkkür məktublarında da öz əksini tapır. Dövlətimizin başçısı İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışın çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində statistik rəqəmlər əsasında bir daha bu reallığı  xüsusi qeyd etmişdir ki, sosial sahə daim prioritet  olub. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Bu ilin xüsusiyyəti ondadır ki,  indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur: “Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”