YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gaygate” hadisələri “Milli Şura”nı necə parçalayır?..

 Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının  üzvü,

“İki sahil” qəzetinin baş redaktoru

Yaxud məlum biabırçı onlayn iclas özlərini demokrat adlandıranların əxlaq və mənəviyyatdan uzaq olduqlarını bir daha  nümayiş etdirdi

Məlum olduğu kimi, bir neçə gün öncə özünü Demokratik Qüvvələrin “Milli Şura”sı adlandıran amorf qrup  “Zoom” proqramı üzərindən onlayn iclası keçirmişdi. Həmin iclasdan sosial şəbəkələrdə yayılan müxtəlif kadrlardan aydın şəkildə görünür və eşidilirdi ki, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflı açıq şəkildə ReAL və Müsavat partiyalarını və onların rəhbərliyini, eləcə də onları ifşa edən, eyiblərini aşkara çıxaran digər müxalifət düşərgəsindən olan bir sıra şəxsləri təhqir edirlər.

Videoda “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Qabil Məmmədovu və İsmayıl Cəlilovu təhqir edir. Oxuculardan üzr istəyərək yeri gəldi-gəlmədi başqalarına əxlaqdan, mənəviyyatdan moizə oxuyan bu xanımın etikadan, mədəniyyətdən kənar həmin sitatını diqqətə çatdırmaq istəyirəm: “Qərbin bir nömrəli prioriteti bu azlıqların hüquqlarıdır, bu üzdəniraqlardır. Ona görə də onlara çox həssas yanaşırlar. İsmayıl Cəlilovun səhifəsinə baxın, facebookda profili var, orda nə şüvənlik edir. Deməli, Xalq Cəbhəsinin tərəfdarı Eldəniz Quliyev bizi belə elədi, Xalq Cəbhəsinin tərəfdarı Qabil Məmmədov belə elədi. Bizi qoruyun Əli Kərimlinin əlindən, bizi qoruyun cəbhənin əlindən, cəbhə bizi öldürür, cəbhə bizi məhv edir, cəbhənin əlacı olsa, ölkədəki bütün üzr istəyirəm, geyləri yığar yandırar, öldürər. Çox-çox üzr istəyirəm deyir, mən və ərim neçə günlərdir bu statusa görə dəhşətli stress yaşayırıq özümüzə gələ bilmirik… Qabildi, Qalibdi nədi o yaramaz gədənin adı. Onun nə aidiyyatı var Xalq Cəbhəsinə.”

“Milli Şura”nın Koordinasiya Mərkəzinin digər üzvü Rafiq Manaflı isə Gültəkin Hacıbəylinin sözlərini qüvvətləndirmək üçün İsmayıl Cəlilovu təhqir edir və deyir ki, Gültəkin xanım, mən çox təəssüflənirəm ki, 1941-1945-ci illərdə Hitler o geyləri qırıb qutarmadı.

Məsələnin ən maraqlı tərəfi isə o idi ki, bütün bu təhqirləri “Milli Şura”nın sədri Cəmil Həsənli və Qənimət Zahid sakitcə dinləyir və gülürdülər. Məhz həmin videoya diqqətlə baxdıqda bir daha anlaşılır ki, orada çıxış edənlər öz danışıq səviyyələri ilə bütün əxlaqi və mənəvi dəyərləri tapdalayırlar. Bu video Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, İbrahim İbrahimlinin, Vahid Məhərrəmlinin, Eldəniz Quliyevin, Vidadi Mirkamalın, Rafiq Manaflının və başqalarının ümumilikdə mənəvi dünyasını, heç bir mənəviyyata, əxlaq çərçivəsinə sığmayan təhqirləri ilə Azərbaycan xalqına hörmətsizliklərini nümayiş etdirirdi. Bunlar  həmin şəxslərdirlər ki, yeri gəldi-gəlmədi həmişə başqalarına əxlaq dərsi keçirlər. Bunlar həmin şəxslərdirlər ki, Azərbaycana “demokratiya” gətirmək istədiklərini bəyan edirlər. Bunlar  həmin şəxslərdirlər ki, Əli Kərimli öz avantürist, qaragüruhçu siyasətində onlara arxalanır. Bunlar həmin şəxslərdirlər ki, hər gün Qənimət Zahidin və Sevinc Osmanqızının youtube kanallarında “ekspert” qismində çıxış edirlər. Məhz bu video ilə bir daha bəlli oldu ki, üzdəniraq “Milli Şura”, onun rəhbərliyi, AXCP, Əli Kərimli, Sevinc Osmanqızı və Qənimət Zahid kimdirlər, hansı düşüncənin sahibidirlər, onların mənəviyyatları, əxlaqları hansı səviyyədədir... Bir anlıq fərz edək ki, bu cür düşüncə sahibləri hakimiyyətə gəlirlər və o zaman bu dövlətin və xalqın taleyi necə olar?

Məsələnin ən maraqlı tərəfi odur ki, “Milli Şura”nın onlayn iclasında Gültəkin Hacıbəylinin və Rafiq Manaflının təhqirləri bütün Azərbaycan ictimaiyyətində olduğu kimi, müxalifət düşərgəsində də kəskin etirazla qarşılanıb. “Oyan” Hərəkatının konsullarından biri Nahid Cəfərov, ABŞ-da yaşayan müxalifyönlü jurnalist İsmayıl Cəlilov, mühacir Ali Oğuz, bir zamanlar onlarla eyni düşərgədə olan Xədicə İsmayıl və başqaları Gültəkin Hacıbəylini qınayıblar. Hətta, Xədicə İsmayıl “Milli Şura”nı salam verilməyəcək qrup adlandırıb. Nahid Cəfərov “Milli Şura”nı ələ salaraq deyib ki, “bu adamlar xalqı demokratiyaya aparırmışlar.” Ali Oğuz Qabil Məmmədova yönəlik qeyd edib ki, “Ay Qabil, dədən Cəmil, bacın Gültəkin, atan Əli səndən imtina etdi.”

Diqqəti daha çox cəlb edən məqamlardan biri də odur ki, qondarma “Milli Şura”nın onlayn iclasında Gültəkin Hacıbəylinin və Rafiq Manaflının ədəbsiz sözlər işlətmələri, insanları təhqir etmələri Əli Kərimlinin başçılıq etdiyi marginal qrupu da çaş-baş salıb. “Facebook” hesabında əvvəlcə üzr istəyən Gültəkin Hacıbəylidən sonra Cəmil Həsənli və Sevinc Osmanqızı 180 dərəcəlik dönüş etməklə iddia ediblər ki, guya bu, kibercinayətdir. Lakin belə bir gülünc iddianın ortaya atılması da onları xilas etmədi və növbəti dəfə savadsızlıqlarının, məntiqsizliklərinin göstəricisi oldu. Çünki birincisi, “Zoom” vasitəsilə “Milli Şura”nın iclasının canlı yayımlandığını Qənimət Zahid deyib. İkincisi, bu videonu 6 saat öncə “Facebook”dakı “Mozalan”, 5 saat əvvəl İsmayıl Cəlilov yayıb, YAP Gənclər Birliyi isə 1 saat öncə. Yəni, bu üzdəniraq “siyasətçi”lərin düşüncələrində adi mühakimə yürütmək qabiliyyəti belə yoxdurmu ki, məntiqə söykənib  sadə müqayisə aparsınlar?  Üçüncüsü, kim zəmanət verə bilər  ki, sözügedən videonu “Milli Şura”nın daxilində söz sahibi olmaq üçün hətta  biri-birini didib-parçalamağa hazır olan, satqınlıq, işverənlik canlarına, qanlarına hopmuş  qruplar yaymayıblar? Axı, satqınlıq, işverənlik, biri-birinin ayağının altını qazmaq  işi-peşəsi xaricdəki ağalarına danos ötürmək olan “beşinci kolon”un iş prinsipidir. Və yaxud da kimi inandırmaq olar ki, “Milli Şura” içərisində çevriliş etmək istəyənlər Cəmil Həsənlini və Əli Kərimlini oradan uzaqlaşdırmaq üçün belə bir plan qurmaq fikrinə düşməyiblər?..

Göründüyü kimi, suallar çox, cavablar isə hələlik yoxdur. Amma bütün bunlara rəğmən görünən odur ki, elə gözlənildiyi kimi, dağıdıcı müxalifət düşərgəsinin baş qaragüruhçusu Əli Kərimlinin əsas məqsədi kimlərisə kibercinayətkarlıqda suçlandırmaq olan növbəti kiberhücum tezisləri də işə yaramadı... Əvəzində isə kumirini vəziyyətdən çıxarmağa çalışan Əli Kərimlinin əsas təbliğat ruporu Sevinc Osmanqızı canlı yayımda Gültəkin Hacıbəylinin İsmayıl Cəlilovun ünvanına söylədiyi təhqirlərə haqq qazandırıb, eyni zamanda, İsmayılın bu təhqirlərə layiq olduğuna eyham vurdu. Sevinc Osmanqızı, həmçinin İsmayıl Cəlilovun LGBT üzvü olması faktını ələ saldı və israrla dedi ki, “Milli Şura” rəhbərliyi İsmayıl Cəlilovu təhqir etməkdən əsla çəkinməməlidir, əksinə irəli getməlidir. Bununla da əslində, “təhqir maşını”funksiyasını “məharətlə” yerinə yetirən  Sevinc Osmanqızı söyüşə, böhtana  meyilli olduğunu Gültəkinin ədəbsizliyinə dəstək verməklə bir daha nümayiş etdirdi.

Beləliklə, “Gaygate” hadisəsinin qondarma  “Milli Şura”nın dəfn üçün hazır olan tabutunun son mismarına çevrilə biləcəyi artıq hər kəsə bəllidir. Təhqiri kiberhücumla əvəzləmək hoqqabazlığı  da elə AXCP sədri Əli Kərimlinin planı idi. Məhz bu antimilli ünsürün tapşırığından sonra onun sözçüləri- Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid guya qapalı iclasa kiberhücum olması haqqında yalanlar danışmağa başladılar. Lakin burada Əli Kərimli özü də bilmədən başqa çox kobud bir səhvə yol verdi və onlayn iclasda təhqir olunmuş Qabil Məmmədova da məsələni pərdələməyi, təhqirə reaksiya verməməyi tapşırdı. Maraqlıdır ki, dağıdıcı düşərgənin baş qaragüruhçusu Əli Kərimli sözügedən iclasın videosunu isə özünün təbliğat ruporlarından biri olan Fatimə Mövlamlı vasitəsilə “söyüş mühaciri” yarlığını qazanmış Məhəmməd Mirzəliyə göndərib. Öz növbəsində Məhəmməd Mirzəli də həmin videonu olduğu kimi Qabil Məmmədova “Facebook” vasitəsilə çatdırıb. Savadsız, səviyyəsiz, bacarıqsız, leksikonu  yalnız təhqirlə, söyüşlə zəngin olan  Qabil Məmmədov isə, necə deyərlər,  tapşırığı üzünə-gözünə bulaşdırıb. Maraqlıdır ki, bu səviyyəsiz ünsür  həmin təhqir videosunu canlı yayımda nümayiş etdirərkən heç özü də bilmədən tapşırığın kimdən gəldiyini də göstərib.

Bununla da Əli Kərimlinin növbəti manipulyasiya cəhdi ifşa edilib. Amma bu hadisədə ortaya çox maraqlı suallar da çıxdı. Məsələ burasındadır ki, “Gaygate” hadisələrinə qədər cəbhə trolları və elə Əli Kərimlinin özü deyirdi ki, guya Qabil Məmmədovu tanımırlar və onunla heç bir  əlaqələri yoxdur. İndi, necə  deyərlər, artıq xoruzun quyruğu görünməkdədir. Yalançılqda, başqalarına böhtan atmaqda mahir olan Əli Kərimli bir qayda olaraq “daş atıb başını tuturdu” ki, AXCP-də, “Milli Şura”da  söyüş və təhqir yoxdur. Bəs belə isə söyüşün, təhqirin birinin, necə deyərlər, bir qəpik olduğu qondarma  “Milli Şura”nın sonuncu onlayn iclasında baş verən “Gaygate” hadisələri kimin ayağına yazılmalıdır? Görünən odur ki, qaragüruhçu Əli Kərimli və onun özünəbənzər ətrafı nə qədər “sudan quru çıxmağa” çalışsalar da özlərini növbəti dəfə  ifşa etdilər və ictimaiyyət kimin kim olduğunu gördü.

“Gaygate” hadisələri bir maraqlı məqamı da üzə çıxardı. Məlum oldu ki, Əli Kərimlinin və ətrafının indiyədək Müsavat Partiyası ilə eyni düşərgədə olmaları barədə dedikləri gözə kül üfürməkdən başqa bir şey deyilmiş. Sözügedən videoda Gültəkin Hacıbəyli və Cəmil Həsənli Müsavat Partiyasını, necə deyərlər, “ağ yuyub qara sərdilər”.  G.Hacıbəyli çıxışında qeyd etdi ki, bəziləri tənqidçilik ruhunu itirməmək üçün vaxtaşırı olaraq onların üzərində sınaqlar aparırlar: “Bunlardan biri də Müsavat Partiyasıdır. Ölkədə yaşanan bu cür dəhşətlərdən heç nə yazmırlar. Amma kütləvi şəkildə Eldəniz bəy məsələsinə görə bizim üstümüzə hücuma keçiblər. Mustafa Hacılı bu gün sərsəm bir yazı yazıb. Bildirir ki, Əli Kərimlinin internet məsələsini ona görə diqqətə gətirirlər ki, Tofiq Yaqublunun həbsi arxa plana keçsin. Guya ki, Müsavat Tofiq Yaqublunu bu qədər çox sevir. Bu, riyakarlıqdan başqa bir şey deyil. Məqsəd sadəcə Əli bəyi gözdən salmaqdır. Bu gün onun yubileyidir. 55 yaşı tamam olur. Bu yaramazlar da onun üzləşdiyi təqiblərə heç bir dəstək vermirlər. İndi guya ki, Tofiq bəyin hüquqlarının müdafiəçisi olublar. Çox biabırçı yanaşmadır. Hesab edirəm ki, ReAL-ın aqibəti aşağı-yuxarı səviyyədə Müsavat Partiyasını da gözləyir.”

Qondarma “Milli Şura”nın qondarma  sədri Cəmil Həsənli isə G.Hacıbəylinin sözlərinə belə reaksiya verib: “Burada belə bir fərq var. Yenə ReAL nəyisə əldə edib o vəziyyətə düşüb. Bu bədbəxtlər heç nə etməyib o vəziyyətə düşüblər.” G.Hacıbəyli isə C.Həsənliyə mühacir məsələsi ilə bağlı xatırlatma edib: “Bunlar da mühacir alverindən nəsə etmişdilər. Gəlin küçümsəməyək. Bunların da Avropada əldə etdikləri çox idi.”

Onlayn iclasda Müsavatın ünvanına səsləndirilən təhqir dolu ittihamlara əks düşərgədən gələn reaksiyalar göstərir ki, dağıdıcılar arasında qarşıdurmanın gedişində “bu xəmir hələ çox su aparacaq.” Məsələ burasındadır ki, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı yayılan videoda Müsavatın ünvanına işlədilən ifadələrə görə Cəmil Həsənlinin üzr istəməsini tələb edib: “Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur. Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm!”

Qondarma “Milli Şura”nı onlayn toplantıda baş verənlərə görə ittiham edənlərdən və Cəmil Həsənlini üzr istəməyə çağıranlardan biri də Müsavat Partiyasının başqanı Arif Hacılı oldu. O, özünün “Facebook” hesabında yazdığı statusda bununla  bağlı bildirir: “Milli Şura Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi. Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı. Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz... İnanmaq istəyirəm ki, onların, xüsusilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq.” Göründüyü kimi, antimilli düşərgənin öz əqidədaşları belə onlayn iclasdan yayılan videonun guya kibercinayətkarlıq olması barədə qaragüruhçu Əli Kərimlinin və onun ətrafının ağlasığmaz iddialarını gülünc adlandırırlar.

 Biz nəinki ölkəmizin, hətta Cənubi Qafqaz regionunun ən aparıcı siyasi qüvvəsi hesab edilən Yeni Azərbaycan Partiyası olaraq dəfələrlə bu gün antimilli cəbhənin cəmləşdiyi qondarma “Milli Şura”nın xarici anti-Azərbaycan dairələrin layihəsi olduğunu bəyan etmişik. Partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev dövlətimizin və xalqımızın milli mənafelərini xarici ağalarından aldıqları qrantlara satanları “beşinci kolon”, vətən xaini, xalq düşməni adlandırıb. Dövlətimizin başçısının uzun illərdir real faktlara və dəlillərə söykənərək bəyan etdiklərini bu gün vaxtilə həmin antimilli ünsürlərlə bir düşərgədə olmuş siyasi qüvvələr də təsdiq edirlər. Bu baxımdan  ReAL Partiyasının mövqeyi böyük maraq doğurmaqdadır. ReAL-ın icra katibi Natiq Cəfərli qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və bu amorf qurumun rəhbəri Cəmil Həsənlinin təmsil etdiyi partiya ilə bağlı videoda səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib ki, bu təşkilatla bağlı şəxsən ona 2013-cü ildən hər şey aydın olub: “O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs və şəxslər ətrafında bütpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı. Gənc olmayan Hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələri bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlərinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların ReAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım…Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar.”

Göründüyü kimi, cəmi 2-3 gün ərzində cərəyan edən “Gaygate” hadisələri çərçivəsində Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin sayəsində müxalifət daxilində ciddi qarşıdurmalar başlandı. Həm müxalifət partiyalarının, həm də ictimaiyyət nümayəndələrinin tələbi ondan ibarət idi ki, Cəmil Həsənli və Gültəkin Hacıbəyli üzr istəsin, qondarma “Milli Şura” isə buraxılsın. Amma Cəmil Həsənli özünü xilas etmək üçün Eldəniz Quliyevi qurban verdi. Ümumiyyətlə, bu antimilli düşərgədə gedən proseslər, səngimək bilməyən təhqir və söyüş dolu qarşılıqlı ittihamlar o dərəcədə geniş vüsət alıb ki.  şübhə yoxdur ki, bu gedişlə onlar yaxın gələcəkdə bir-birlərinin axırına çıxıb siyasi səhnəni birdəfəlik biabırçı vəziyyətdə tərk edərək özlərinin əbədi ünvanlarına-tarixin zibilliyinə gömüləcəklər. Təsadüfi deyildir ki, dağıdıcı düşərgədə cərəyan edən prosesləri şərh edən tanınmış politoloqların və  ekspertlərin yekdil fikirləri belədir ki, bu amorf qurumun məlum onlayn rüsvayçılığından sonra yaranmış vəziyyət Fuad Qəhrəmanlının həyat yoldaşına və qızına qarşı törətdiyi zorakılığın ictimailəşməsindən sonra AXCP ətrafında gedən prosesləri xatırladır. Həmin vaxt ictimaiyyətin tələbi ondan ibarət idi ki, AXCP sədri Əli Kərimli Fuad Qəhrəmanlı kimiləri yanında saxladığı üçün istefa verməlidir. Lakin o zaman kələkbaz kombinasiyalar ustası olan Əli Kərimli son anda Fuad Qəhrəmanlını qurban verməklə sudan quru çıxa bildi. İndi də eyni taktikadan Cəmil Həsənli istifadə edir. O da özünü qorumaq üçün Eldəniz Quliyevi qurban verdi və onu “Milli Şura”dan istefa verməyə məcbur etdi. Doğrudur, Eldəniz Quliyev budəfəki  prosesdə Fuad Qəhrəmanlıdan daha fərasətli tərpəndi və Cəmil Həsənlini ifşa etdi.

 Lakin mənim qənaətimə görə, hazırda ictimaiyyəti düşündürən məsələlər tamamilə başqadır. Məsələn, az-çox ciddi siyasətlə məşğul olan insanlar belə bir suala cavab axtarırlar ki, nə üçün Eldəniz Quliyev qurban verildi? Axı, belə götürəndə həmin biabırçı iclasın ona aidiyyəti olmamalı idi. İndi ağlı başında olan hər kəs sual edir ki, həmin onlayn  iclasda təhqirlər yağdıran Gültəkin Hacıbəyli deyildimi? Onların təhqirlərinə gülüşü ilə razılıq verən Cəmil Həsənli və Qənimət Zahid deyildilərmi?  Bu biabırçılığa görə dərhal istefa verməli alan  Cəmil Həsənli və Gültəkin Hacıbəyli niyə fərarilik edib Eldəniz Quliyevin arxasında gizlənirlər? Axı, bu şəxslər hər gün yeri gəldi-gəlmədi  istefa mədəniyyətindən danışırlar. Bəs, özləri niyə “nümunə” göstərmirlər?

Məlum olur ki, bütün bunların altında çox gizli məqamlar yatırmış və onun da üzərinə qeyri-ixtiyari olaraq Qənimət Zahidin “Azərbaycan saatı”ndakı kölgəsi, AXCP-nin mühacir alverinin əsas həlqələrindən biri olan Fikrət Hüseynli işıq salıb. O, özünün “Facebook” səhifəsində Eldəniz Quliyevə xitabən  yazdığı  “Yeri gələndə hakimiyyətin qapısını döyüb siyasi məhbusların yaxınlarının ağır durumunu onlara çatdırıb. Kimlərinsə azadlığına nail olub” cümlələri ilə özü də bilmədən dolayısı ilə “Milli Şura”nı və Əli Kərimlini ifşa edib.

Bu məqamda ictimaiyyəti düşündürən başqa suallar da meydana çıxır: Görəsən, Eldəniz Quliyev kimə görə hakimiyyətin qapısını döyüb?  O, kimlərin azad edilməsinə nail olub?  Bu xahişləri kimin göstərişi ilə edib? Bu oyunlarda Cəmil Həsənli və Əli Kərimli hansı roldadırlar? Şübhə yoxdur ki, “mövcudluğu” dövründə yalnız “qaranlıq işlər”lə məşğul olan qondarma “Milli Şura”nın ətrafında sular durulduqca bu suallara cavab tapılacaq.

Məlum “Gaygate” hadisəsinin gedişatında Eldəniz Quliyevdən sonra öz radikallığı ilə seçilən Rafiq Manaflının  da istefa verməsi belə bir qəti qənaətə gəlməyə əsas verir ki, şər-böhtan yuvası olan bu amorf qurumun  daxilindəki gərginlik  səngiməyəcək. Əksinə,  bütün bunlar hələ başlanğıcdır, necə deyərlər, əsl həngamə irəlidədir. Əlbəttə, bəlkə də “Milli Şura” rəhbərliyi bu iki nəfərin istefası ilə məsələni bağlamağa cəhd göstərə bilər. Amma Azərbaycan ictimaiyyəti birinci videonun şokundan ayılmamış  yayılan və sabiq ReAL-çı Altay Göyüşovun “professor eşşək” adlandırıldığı, vəkil Aslan İsmayılovun və ümumən müəllimlərin təhqir olunduğu ikinci video onu göstərdi ki, “Gaygate” hadisəsi hələ çox istefalara gətirib çıxaracaq.

Mənim fikrimcə, onlayn iclas rüsvayçılığından sonra artıq Azərbaycan cəmiyyəti və onun bir hissəsi olan konstruktiv müxalifət partiyaları bir daha əmin oldular ki, qaragüruhçuluğu ilə ad çıxarmış  AXCP və onun  qapazaltısı olan “Milli Şura” heç vaxt islah edilməyəcək, əxlaq, ədəb yoluna gəlməyəcəklər. Onların 1992-ci ildə silah gücünə hakimiyyəti ələ keçirmək düşüncəsizliyi aradan qalxmayacaq. Ona görə də hesab edirəm ki, son biabırçı hadisələrə görə Cəmil Həsənlinin üzr istəməsi, xarici anti-Azərbaycan dairələrin layihəsi olan  və Azərbaycan siyasi səhnəsində “qara yara” rolunu oynayan “Milli Şura”nın buraxılması ictimai tələbə çevrilməlidir. Əgər həqiqətən də “Milli Şura” özünün bəyan etdiyi kimi, demokratiya tərəfdarıdırsa, o zaman onun rəhbərliyi özündə cəsarət tapacaq və üzr istəyərək bu amorf qurumu  buraxacaq. Nəyin bahasına olursa-olsun qondarma “Milli Şura”nı qoruyub saxlamaq istəyən qaragüruhçu Əli Kərimli isə mənasız çabalarından vaz keçəcək, ən yaxşısı üzü sulu ikən (əgər üzündə su varsa) siyasətdən uzaqlaşacaq.