YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: ABŞ ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir

“Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən ölkəmiz regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu mənada, Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlaması ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.

Millət vəkilinin sözlərinə görə, beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin formalaşmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu gün iki ölkə arasında strateji əməkdaşlıq yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Təbii ki, ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

“ABŞ prezidentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməyi ifadə etməsi isə dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi, Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. Belə olan təqdirdə isə ABŞ tərəfindən göstərilən hər bir dəstək bizim üçün çox önəmlidir. Son günlərdə dünya liderlərinin cənab Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubları ünvanlanması Azərbaycanın və ölkə başçımızın böyük nüfuz sahibi olmasının göstəricisidir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək”-deyə, deputat qeyd edib.