YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq

Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq.

Bu fikirləri Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.

“Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır”, - deyə dövlətimizin başçısı bildirib.