YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Akif Əlizadə: AMEA-nın bölmə və elmi şuralarının məsuliyyəti artırılmalıdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I qurultayında çıxışında elmin koordinasiyası məsələsindən söz açıb.
AMEA-nın prezidenti bildirib ki, Azərbaycanda elmi fəaliyyət, əsasən, akademiyanı, ali təhsil müəssisələrini, dövlət idarə və təşkilatlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Elmi araşdırmalarda müəyyən təkrarçılıq, elmi mövzularda qeyri-aktuallıq, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin olması elmi fəaliyyətdə nəzərəçarpan reallıqlardır. Bu məqsədlə respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac vardır. Bu qurumun tərkibində akademik institutların, universitetlərin, biznes və patent idarələrinin nümayəndələri olmalıdır. Şuranın verdiyi qərarlar respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır.
Akademik onu da qeyd edib ki, digər mühüm vəzifələrdən biri də AMEA-nın bölmələri və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolunun və məsuliyyətinin artırılmasıdır.
A.Əlizadə deyib: “Artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA-nın bölmələrinə keçirilməsinin vaxtı çatıb. Müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdəki işini fəallaşdırmaq və onların fəaliyyəti barədə elmi şura və bölmələrin rəyasət heyətində hesabat verməsini həyata keçirmək, eləcə də bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir”.
AMEA-nın rəhbəri rəyasət heyətinin iclaslarını nazirliklərin kollegiyaları ilə birgə keçirməyin zəruriliyini qeyd edib.