YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Qoşulmama Hərəkatının Təmas Qrupu formatındakı Zirvə görüşü koronavirusa qarşı mübarizədə beynəlxalq birliyə və həmrəyliyə mühüm töhfədir

Mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Məhz belə bir mötəbər tədbirin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin dünyada artan rolundan xəbər verir.

Bu fikirləri  Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Zirvə görüşünün dünya mətbuatının da diqqətini cəlb etdiyini deyən Müşfiq Cəfərov qeyd edib ki, tədbir xüsusilə İran, Misir və Rumıniya mediasında geniş işıqlandırılıb.

O deyib: “Prezident İlham Əliyev görüşdə bildirdi ki, koronavirus pandemiyası dövründə Azərbaycan hökumətinin əsas fəaliyyəti xalqın sağlamlığının qorunması və sosial təminatının yaxşılaşdırılmasına yönəlib. Bu cür videokonfrans belə bir çətin dövrdə Prezident İlham Əliyevin təşkil etdiyi ikinci görüşdür. Dövlətimizin başçısı daha öncə, aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının pandemiyaya həsr olunmuş Zirvə görüşünü təşkil etmişdi. Təmas qrupu formatında baş tutan və 4 qitədə yerləşən ölkələrin iştirakı ilə təmsilçilik prinsipi əsasında təşkil edilən ötəngünkü videokonfransda pandemiya və postpandemiya dövründəki problemlər və həmin problemlərin həlli ilə bağlı məsələlərə diqqət yetirildi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın vacibliyini vurğuladı. Hesab edirəm ki, bu videokonfrans beynəlxalq miqyasda koronavirusa qarşı mübarizədə birliyə və həmrəyliyə mühüm töhfədir”, – deyə M.Cəfərov bildirib.

Deputat qeyd edib ki, məhz 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə görüşündə təşkilatın üçillik sədrliyinin Azərbaycan Respublikasının Prezidentinə həvalə edilməsi dünya dövlətlərinin ölkəmizə olan böyük inam və etimadından irəli gəlir.