YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosialist İnternasionalının baş katibinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru diplomu təqdim edilib

Ölkəmizdə səfərdə olan Sosialist İnternasionalının baş katibi Luis Ayalaya dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) fəxri doktoru diplomu təqdim edilib. Akademiyanın müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə rektor, akademik Urxan Ələkbərov L.Ayalanın həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib, onun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki xidmətlərini vurğulayıb.
Sonra beynəlxalq əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində mühüm xidmətlərinə görə baş katib Luis Ayalaya Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilməsi haqqında bu ali təhsil ocağının Elmi Şurasının qərarı elan edilib.
Luis Ayalaya DİA-nın fəxri doktoru diplomu və mantiya təqdim olunub.
Sosialist İnternasionalının baş katibi DİA-da olmasından və Akademiyanın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib.
Baş katib Sosialist İnternasionalının tarixi, fəaliyyəti, o cümlədən son dövrlərdə beynəlxalq aləmdə baş verən proseslər, qlobal iqtisadi böhranın yaratdığı çətinliklər, həmçinin gender bərabərliyinin təşviqi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
Dünyada baş verən münaqişələrdən və onların ağır nəticələrindən danışan L.Ayala Azərbaycanın da Dağlıq Qarabağ münaqişəsi kimi bir problemlə üzləşdiyini diqqətə çatdırıb. O, münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.
“Əgər bu gün biz dünyanı daha yaxşı, sarsılmaz etmək istəyiriksə, daha çox səy göstərməliyik”, - deyə L.Ayala bildirib.