YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Milad bayramı ilə bağlı keçirilən yarmarkada Azərbaycan da təmsil olunur

Milad bayramı ərəfəsində Fransanın paytaxtında keçirilən ənənəvi yarmarkada Parisdə fəaliyyət göstərən “ Azərbaycan evi”nin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə təmsil olunur.
“Azərbaycan evi “nin sədri Mirvari Fətəliyeva belə mühüm tədbirdə Azərbaycanın təmsil olunması ilə bağlı AzərTAc-a müsahibəsində bildirib ki, Milad bayramı ilə əlaqədar keçirilən yarmarka fransızların daha çox xoşladıqları mərasimlərdən biridir. Azərbaycan artıq ikinci ildir ki, bu yarmarkada təmsil olunur. Əsas məqsəd ölkəmizin qədim tarixini, zəngin mədəni dəyələrini parislilərə və şəhərin qonaqlarına tanıtmaqdır.
Parisin mərkəzindəki Can-Jermən de Pre meydanında təşkil olunan yarmarkada Azərbaycan guşəsinin təşkilinə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Dostları Assosiasiyası dəstək veriblər.
Keçən il olduğu kimi, bu il də Azərbaycan guşəsi öz zənginliyi ilə diqqəti cəlb edir. Burada Azərbaycan ilə maraqlananlara ölkəmizin tarixinə, mədəniyyətinə, turizm imkanlarına, təbiətinə, zəngin mətbəx nümunələrinə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dair kitablar və broşürlər, milli musiqi nümunələrinin toplandığı disklər təqdim edilir, fransızları və qonaqları maraqlandıran suallara ətraflı cavab verilir.
Eyni zamanda, onlara Azərbaycanda istehsal olunan kəlağayılar, kiçik həcmli xalçalar, mürəbbələr, çaylar, müxtəlif şərab növləri, Novruz bayramında süfrələrimizin bəzəyi olan paxlava və şəkərbura, həmçinin ət və göy qutabları təqdim olunur.
Güşəni ziyarət edənlər əriştədən hazırlanan isti xörəyə daha çox maraq göstərirlər. Azərbaycan nemətlərinin dadına baxan elə şəxslər vardır ki. onlar bir neçə dəfə yenidən həmin məhsullardan almaq üçün müraciət edirlər.
Şübhəsiz, bu cür təbliğat sayəsində fransızlar artıq Azərbaycanı yaxşı tanıyır və ölkəmizə böyük maraq göstərirlər.
Yarmarka 2015-ci il yanvar ayının 4-dək davam edəcəkdir.