YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində qazanılıb

“Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində qazanılıb”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, çox sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birinci yerə layiq görülüb. Onun sözlərinə görə, Azərbaycan artıq 3-cü ildir ki, ardıcıl olaraq bu yüksək mövqeyə layiq görülür.

“Ondan əvvəl isə Azərbaycan Gimnastika Federasiyası ilk onluğa daxil olurdu. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik edir. O vaxtdan indiyə qədər Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib. Hər il Azərbaycan böyük beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına, dünya kuboklarına ev sahibliyi edir. Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan Gimnastika Federasiyası dünyada birinciliyə layiq görülüb”-deyən, R.Əliyev qeyd edib ki, bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb: “Milli Gimnastika Arenası demək olar ki, dünyada ən yaxşı arenadır. Bütün dünyadan gimnastlar bura nəinki yarışlara, eyni zamanda təlim-məşq toplantılarına gəlirlər. Yəni şərait o qədər yüksək səviyyədədir ki, gimnastlar ölkəmizə gəlməyə üstünlük verirlər. Dünya kubokları, çempionatları zamanı buraya gələn federasiyaların sədrləri, onların müavinləri, baş məşqçilər hamısı bildirir ki, yarışların bu qədər yüksək səviyyədə keçirilməsi üçün dünyada Azərbaycan qədər şərait yaradan ölkə yoxdur”.

R.Əliyev vurğulayıb ki, Azərbaycanın regionlarında da gimnastikanın inkişafına böyük diqqət ayrılır.  “Bu gün artıq Azərbaycanın milli kadrları yetişib. Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan gimnastlarımız da bizim milli kadrlarımızdır. Bu da böyük bir məsələdir. Həmin gimnastlar yaradılan bu şəraitdən uşaqlıqdan bəri istifadə edib, məşqlər sayəsində formalaşaraq bu səviyyəyə çatıblar”-deyə, millət vəkili qeyd edib.