YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilir

Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumu keçirilir.
Hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarının iştirakı ilə təşkil edilən biznes forumda Azərbaycan iqtisadiyyatının inkişafı, əlverişli investisiya mühiti, uğurlarımız və problemlərimiz barədə məlumat verilib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurlar və hazırda Prezident İlham Əliyevin bu siyasəti müvəffəqiyyətlə davam etdirdiyi diqqətə çatdırılıb. Həmçinin Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, ərazilərimizin iyirmi faizinin işğal altında olduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü vurğulanıb.
Bildirilib ki, Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əlaqələr 1993-cü ildən etibarən sürətlə genişlənməyə başlayıb. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində onlarla sənəd imzalanıb. Bildirilib ki, Azərbaycanın iqtisadi əlaqələrini möhkəmləndirdiyi ölkələr içərisində Polşanın özünəməxsus yeri var, bir çox Avropa ölkələri kimi Polşa da “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla əlaqələrə böyük önəm verən ölkələrdəndir.
Tədbirdə Azərbaycan və Polşa şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanacağı, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinə dair təqdimatın olacağı və iş adamları arasında görüşlərin təşkili nəzərdə tutulub.