YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dneprdə Xocalı soyqırımının qurbanları anılıb

Ukraynanın Dnepr Texniki Milli Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının birgə keçirdikləri tədbirdən əvvəl səfir Azər Xudiyevlə universitetin rektoru Genadi Pivnyak arasında görüş olub.

Görüşdə səfir rektora Xocalı soyqırımı haqqında məlumat verib, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Sonra universitetin müəllim-tələbə heyəti, diaspor fəalları və səfirin iştirakı ilə ali təhsil ocağının qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq səmaya 613 şar buraxılıb.

Anım tədbiri faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan səfir Azər Xudiyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet tankları və Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum ediblər. Xocalı şəhəri bir gecədə yer üzündən silinib, 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirilib, yüzlərlə sakin əsir alınıb. Onlardan 150-dən çoxunun taleyi hələ də məlum deyil. Ermənilər dinc əhalinin yaşadığı şəhərdə insanlığa sığmayan dəhşətli qətliam törədiblər. Xocalı soyqırımını törədənlər sonradan Ermənistanda illərlə baş nazir və prezident vəzifələrində ölkəni idarə ediblər. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Xocalıdakı qətliama israrla bəraət qazandıraraq, o gecə törətdiklərini etiraf edib. Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirdiyini deyən səfir BMT, Avropa İttifaqı, Avropa Şurası və NATO kimi beynəlxalq qurumların qərar və qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, təşkilatın Ağsaqqallar Şurasının sədri Hafiz Aslanov, universitetin prorektoru Aleksandr Şaşenko, professor Süleyman Hüseynov və digərləri Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər. Qeyd ediblər ki, Xocalı soyqırımını törədənlər öz cəzalarını mütləq almalıdır.

Tədbirdə Dneprdə təhsil alan azərbaycanlı məktəblilər Xocalıya dair kompozisiya təqdim ediblər.

 

DİGƏR Xəbərlər Arxiv