YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İsraildəki “Xocalı 613” bağında xatirə mitinqi keçirilib

İsraildə, Prezident meşəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, 613 dinc sakinin, o cümlədən qocaların, qadınların və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı faciəsi qurbanlarının xatirəsinə “Xocalı 613” bağı salınıb. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə yəhudilərin “Keren Kayemet le İsrael” (KKL) milli fondu tərəfindən 2016-cı ildə bu bağın salınması inanılmaz bir hadisə olub, çünki əvvəllər bu bağda heç vaxt yəhudi olmayanların xatirəsinə ağaclar əkilməyib.

“Azİz”in mətbuat xidmətindən  bildirilib ki, o vaxtdan hər il Xocalı soyqırımı günü ərəfəsində “Azİz” Assosiasiyası KKL, “Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq kampaniyası və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Xocalı 613” bağında mitinq təşkil edir. Əslən Azərbaycandan olanlar və İsrailinin digər icmalarının nümayəndələri günahsız Xocalı qurbanlarının xatirəsini anmaq üçün bu mitinqə qatılırlar.

Bu il də Xocalı soyqırımı günü ərəfəsində “Xocalı 613” bağında xatirə mitinqi keçirilib. Yəhudilərin KKL milli fondunun Avrasiya bölməsinin başçısı İqal Yasinov xatirə mərasimini açaraq qonaqları salamlayıb. O, dost Azərbaycanın erməni millətçilərinin işğalçı siyasətinin qurbanı olmuş günahsız qurbanlarının xatirəsinə bağ salınmış Prezident meşəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra mərasimin aparıcısı, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Xocalıda faciəli hadisələrin tarixindən danışıb və mitinq iştirakçılarını xocalılıların xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib.

Bu faciəyə görə dərin təəssüf hissi keçirdiyini söyləyən Knessetin deputatı Mark İfraimov ümidvar olduğunu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda öz ədalətli həllini tapacaq. “Xocalı faciəsinin 613 qurbanı mənə Tövratın 613 ehkamını xatırladır. Mən istərdim ki, 613 ehkam yəhudi xalqını İsrail torpağında birləşdirdiyi kimi, qoy 613 qurban da Azərbaycan xalqını ərazi bütövlüyü və tərəqqi yolunda birləşdirən rəmzə çevrilsin" , - deyə Mark İfraimov fikrini tamamlayıb.

Mitinqdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev qeyd edib ki, o, 4 il əvvəl bu bağın salınması mərasimində iştirak edib və Xocalı qurbanlarının xatirəsinə belə həssas yanaşdıqlarına görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkür edib. Rauf Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan hökumətinin məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Sonra Kiryat Byalik şəhəri merinin müavini Naxum Raçevski, Xolon şəhəri merinin müavini Mixail Sutovski, ”Azİz” Assosiasiyasının gənclər cinahının nümayəndəsi Ayaz Əzizov və ictimai qurumların rəhbərləri çıxış ediblər.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyanın prezidenti Lev Spivak Azərbaycanın dərdinə şərik olduqlarına görə hamıya təşəkkür edərək məxsusi olaraq bu kədərli gün üçün çap edilmiş “Haray” toplusunu təqdim edib. Topluya tanınmış Azərbaycan yazıçısı Günel Anarqızının “Qarabağ hekayələri” və Azərbaycan mənşəli çex şairəsi Leyla Bəyimin “Qarabağ şikəstəsi” sonetlər çələngi daxil edilib.

Günel Anarqızı və Leyla Bəyim bu əsərlərin, onları bir topluda birləşdirmək ideyasının necə yarandığından danışaraq onlardan kiçik parçalar oxuyublar. Tədbir iştirakçılarının hər birinə müəlliflərin avtoqrafları olan “Haray” toplusu təqdim olunub.

Sonra XABAD-ın nümayəndəsi, ravvin Şaul David Burşteyn Xocalı qurbanlarının ruhuna dua oxuyub.

Tədbirin sonunda Azərbaycanın və İsrailin dövlət himnləri səslənib.

 

DİGƏR Xəbərlər Arxiv