YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir

“Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına uğurlu dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilməlidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın yüksək səviyyədə olduğunu əyani şəkildə təsdiqləyir. Həm İtaliya Prezidenti Sercio Mattarella, həm də Azərbaycan Prezidenti İlham Əliyev keçirdikləri görüşlərdə və mətbuata bəyanatlarında ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Azərbaycanın dövlət başçısı mətbuata bəyanatında bildirib ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir.

Onun sözlərinə görə, Azərbaycanın Prezidentinin İtaliyaya dövlət səfərinin proqramı zəngin olub. Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü baş tutub. Daha sonra Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşlər keçirib. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Onlardan 17-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalanıb və mübadilə olunub. Digər sənədlər səfərin ikinci günündə baş tutmuş biznes forumu çərçivəsində imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir.

“Səfərin birinci gününün axşamı Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə çıxış etmiş dövlət başçıları Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər. Daha sonra dövlət başçıları və nümayəndə heyətləri üçün "2020-ci il – İtaliyada Azərbaycan Mədəniyyət İli"nin açılışı münasibətilə konsert proqramı təqdim olunub. Səfər çərçivəsində imzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması birgə Bəyannamənin siyasi yükünü daha da artırır. Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən bir sənəddir. Birgə Bəyannamə Azərbaycanın digər ölkələrlə belə bir adda imzaladığı ilk sənəd olması, o cümlədən "Böyük Yeddiliyin" üzvü olan ilk ölkə ilə imzalanması nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Birgə Bəyannamənin adından da göründüyü kimi, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Bu səbəbdən də sənəd çoxölçülü, çoxşaxəli, hərtərəfli tərəfdaşlığın, müxtəlif sahələrdə – siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət, xalqlararası təmaslar və digər istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir. Birgə Bəyannamədə tərəflər bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir”-deyə, S.Fətəliyeva vurğulayıb.

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri onu da qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığın daha da genişləndiriləcəyini göstərir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi isə xalqımız üçün xüsusilə qürurvericidir”.

 

 

DİGƏR Xəbərlər Arxiv