YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə Böyük Vətən Müharibəsi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyi qeyd edilib

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Belarusdakı Səfirliyi tərəfindən Minskdə yerləşən “Böyük Vətən Müharibəsi Muzeyi”ndə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib. Tədbir Səfirliyin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilib.

Dövlət rəsmilərinin də iştirak etdiyi tədbirdə Azərbaycan və Belarusun dövlət himnləri səsləndirilib.

Tədbirdə Belarus Parlamentinin nümayəndələr palatasının insan hüquqları, milli münasibətlər və Kütləvi İnformasiya Vasitələri üzrə daimi komissiyanın sədri, “Belaya Rus” İctimai Birliyin rəhbəri Qenadiy Davıdko, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi Sədrinin birinci müavini Viktor Quminski, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun nümayəndələri, Belarus Müdafiə Nazirinin müavini Serqey Patapenko, Belarus XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Miqidoviç, Belarus Veteranlar Cəmiyyətinin sədri general-mayor İvan Qordeyçik, Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Belarus komsomolunun I katibi, millət vəkili Voronyuk Sergey, Belarus Ali Hərb məktəbinin və Fövqəladə Hallar Nazirliyinin kursantları, Belarus ictimaiyyətinin nümayəndələri və yerli diaspor nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirin aparıcısı Həzi Aslanovun hərbi təhsil illəri və Böyük Vətən Müharibəsi dövründə keçdiyi şərəfli döyüş yolu barədə məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bu tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Həzi Aslanovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə imzaladığı Sərəncama əsasən və Böyük Qələbənin 75 illiyi çərçivəsində qeyd olunduğunu söyləyib. O, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan bu tədbirlərin Böyük Qələbənin 75 illiyi ilə üst-üstə düşməsi Azərbaycan dövlətinin, xalqının, onun rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin bu tarixi günə nə qədər böyük önəm verməsinin göstərici olduğunu xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda Böyük Vətən müharibəsinin xatirəsinə aid hər bir abidənin dövlət tərəfindən qorunduğunu və xalqımız tərəfindən ona qayğı göstərildiyini qeyd edib. “Biz Həzi Aslanov kimi qəhrəmanlarımızın timsalında gənc nəslimizi yetişdiririk”-deyə, səfir söyləyib.

Diplomat,  Böyük Vətən Müharibəsi illərində 128 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü onlardan 14-nün isə bilavəstə Belarusun azad olunmasında iştirak etdiyini qeyd edib. L.Qəndilov “Baqration” əməliyyatının gedişində Həzi Aslanovun 35-ci qvardiya tank briqadasının başında Vileyka, Borisov, Smorqon və Minsk şəhərlərini azad etdiyini bildirib.

Tədbirdə çıxış edən Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi Sədrinin birinci müavini V.Quminski bildirib ki, keçmiş SSRİ-nin çoxsaylı xalqlarının birlikdə çətin sınaqlardan keçərək faşizm üzərində Böyük Qələbə qazanmaları ilə fəxr edirik. Bu tarixi fəxrimizin yaddaşlarda qorunub saxlanması bizim mənəvi borcumuzdur. Keçmiş SSRİ ölkələri arasında Böyük Vətən Müharibəsi abidələrinin dağıdılmasının müşahidə olunduğunu və bunun qəbul edilməz olduğunu söyləmişdir.

Belarus Müdafiə Nazirinin müavini Serqey Patapenko çıxış edərək, SSRİ xalqlarının çiyin-çiyinə döyüşdüklərini və Azərbaycan oğul və qızlarının qəhrəmanlıqları ilə fərqləndiklərini bildirmişdir. S.Patapenko ətraflı şəklidə Həzi Aslanovun döyüş və həyat yolu barəsində məlumat vermişdir. Həzi Aslanovun Stalinqradda mühasirəyə düşmüş Paulusun ordusuna köməyə gedən general Manşteynin qarşısını necə kəsdiyi haqqında və Baqration əməliyyatının həyata keçirilməsində göstərdiyi şücaət və qəhrəmanlıqlar barədə fəxrlə danışmışdır.

Belarus XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Miqidoviç Belarus XİN-i və şəxsən öz adından Belarusun azad olunmasında iştirak etmiş Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun 110 illiyinin keçirilməsinə görə təşəkkürlərini bildirmişdir. Həzi Aslanovun ölməz qəhrəmanlıqları ilə Böyük Vətən Müharibəsinin şərəfli səhifələrini yazdığını söyləmişdir.

“Belaya Rus” İctimai Birliyinin sədri Qenadi Davıdko isə öz çıxışında, Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun ruhu qarşısında baş əymək üçün burada yığışdıqlarını söyləmişdir. Səhnədən asılmış 14 Sovet İttifaqı Qəhrəmanın şəklinə işarə edərək o bildirmişdir: “Vətən onlardan həyatlarını istədi onlar da tərəddüd etmədən verdilər”.

Belarus Veteranlar Cəmiyyətinin sədri İvan Qordeyçik tədbirin keçirilməsinə görə səfirliyə təşəkkürünü bildirmişdir. İ.Qordeyçik qeyd etmişdir ki, biz Azərbaycanla sıx şəkildə əməkdaşlıq edirik.  O, Həzi Aslanovun qələbəyə inam ruhunu onlara da aşılaya bildiyini və onun döyüşçülərinin rəhbərlik tərəfindən çoxlu sayda orden və medallarla təltif edildiyini bildirmişdir.

Səfir L.Qəndilov sonda bir daha çıxış edərək tədbirdə iştirak etdiklərinə görə hər kəsə öz təşəkkürünü bildirmiş və bu tədbirin yalnız Həzi Aslanovun deyil,  Böyük Qələbənin əldə olunmasında həlak olmuşların və müharibə iştirakçılarının xatirəsinə də həsr edildiyini bildirib: “Həzi Aslanovun ruhu burdadır, o 75 il bundan əvvəl heç vaxt inanmazdı ki, vətəni Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunacaqdır. Biz çox təəssüf edirik ki, bütün dünyanın gözü qarşısında bu işğal davam etməkdədir”.

L.Qəndilov Azərbaycan qəhrəmanlarının xatirəsini əziz tutduqları üçün, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus xalqına və Prezident Aleksandr Lukaşenkoya təşəkkürünü bildirib.

Tədbirin davamında Həzi Aslanova həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilib.

Tədbir iştirakçıları eyni zamanda Belarusun azad olunmasında iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı olan 14 azərbaycanlının şəkillərindən ibarət stendlə tanış olub və birgə foto şəkil çəkdiriblər.

Tədbirin sonunda səfirlik tərəfindən ziyafət təşkil olunub.

Qeyd edək ki, bu tədbir Belarusun sb.by internet səhifəsində “Belarus Sevodnya” qəzetində işıqlandırılıb, CTB və MИР televiziya kanallarında isə geniş süjetlər təqdim edilib.