YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Hər zaman ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əyirəm

Azərbaycanın siyasi xadimi, iqtisad elmləri doktoru, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibətilə bu gün Fəxri Xiyabanda Yeni Azərbaycan partiyasının yaradıcısı, dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə tər çiçəklər qoyub.

Eldar İbrahimov Ümummilli liderin məzarını ziyarət etdikdən sonra İkisahil.TV-yə açıqlama verdi. Bildirdi ki, bu il ölkəmizdə demokratik və şəffaf seçkilər keçirildi. Hər hansı qüsurlar aşkarlandısa, onlar da dərhal aradan qaldırıldı. Artıq altıncı dəfədir ki, parlament seçkilərində iştirak edirəm. Bütün uğurlarımda Ulu Öndərin böyük rolu var. Buna görə də hər zaman ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əyirəm.

E.İbrahimov qeyd etdi ki, hesab edirəm ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.

Eldar İbrahimov vurğuladı ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu faktı təkcə  Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf təkcə paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir.

E.İbrahimov diqqətə çatdırdı ki, həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu Öndərimizin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişilikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə verir. Bu baxımdan, hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparlır. 
Ümumiyyətlə, Ulu Öndərin xatirəsi xalqımız üçün həmişə əzizdir və Heydər Əliyev ideyaları əbədidir.