YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyada “Azərbaycan – böyük imkanlar ölkəsi” mövzusunda müzakirələr aparılıb

“Fontes Rerum” iqtisadi, siyasi və sosial elmlər qrupu və Çexiyada Avropa Hərəkatı tərəfindən “Azərbaycan – böyük imkanlar ölkəsi” mövzusunda müzakirələr aparılıb.
Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin moderatorluğu ilə aparılan müzakirələrdə Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev, ərəbşünas və tarixçi Eduard Qombar və Çexiya İxrac Bankının baş direktoru Karel Bureş çıxış ediblər.
Səfirlikdən verilən məlumata görə, Y.Mladek Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirərək, ölkə bazarının Çexiya üçün perspektivli olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən E.Qombar Azərbaycanın mədəniyyəti, tarixi, o cümlədən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Xocalı soyqırımı haqqında məlumat verib. O, Azərbaycanın sabit ölkə olmasında mərhum Prezident Heydər Əliyevin böyük xidmətlərinin olduğunu deyib. E.Qombar Heydər Əliyevin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, dövlət başçısının ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Səfir F.Şəfiyev Azərbaycanda aparılan islahatlar, ölkənin nailiyyətləri, o cümlədən 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin bu il 20-ci ildönümünün qeyd edilməsi, habelə TANAP və TAP boru kəmərləri vasitəsilə qazın Avropaya nəqli ilə bağlı “Cənub” qaz dəhlizinin təməlinin qoyulması haqqında məlumat verib.
“Azərbaycanda investisiya imkanları” mövzusunda təqdimatla çıxış edən səfir F.Şəfiyev ölkənin investisiya yatırımı üçün stabil, etibarlı, uzunmüddətli tərəfdaş olduğunu qeyd edib. O, çex şirkətlərini Azərbaycanın qeyr-neft, o cümlədən, ağır və kimya sənayesi, tikinti, turizm və eko-turizm sektorunda iştirak etməyə çağırıb.
Çexiya İxrac Bankının baş direktoru Karel Bureş çex şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində iştiraklarını dəyərləndirib, həmin şirkətlərin ölkəmizdəki işlərin gedişatından məmnun qaldıqlarını və bunu nəzərə alaraq, hər bir investisiya layihəsinin dəstəklənməsinə hazır olduqlarını bildiriblər. K.Bureş deyib: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanla olan bütün kontraktlarda nəzərdə tutulan məbləğlər qəpiyə qədər ödənilib. Biz Azərbaycanı sevirik.”
Çıxışlardan sonra tədbir iştirakçılarının suallarını cavablandıran səfir F.Şəfiyev azərbaycanlı tələbələrin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramı, Bakı-Tbilisi-Qars dəmir yolu, ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.