YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycan xalqı öz seçimini edib

"Ölkədə keçirilən parlament seçkiləri bir çox beynəlxalq təşkilatlar tərəfindən - o cümlədən, ATƏT PA, həmçinin, ATƏT DTİHB tərəfindən yüksək və məqbul şəkildə dəyərləndirildi. Azərbaycanda keçirilən seçkilər ölkədəki demokratik islahatların nəticəsi olaraq qiymətləndirildi. Lakin bir sıra qüvvələr var ki, hətta verilən bəyanatlara rəğmən müəyyən dairələrin anti-Azərbaycan əleyhinə verdikləri tapşırıqları icra etməyə cəhd göstərirlər". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, seçkiləri müşahidə edən 800-dən çox beynəlxalq müşahidəçi və jurnalist qrupları birmənalı olaraq həmin nəticələri şəffaflıq və demokratiyaya dəstək kimi qiymətləndiriblər: "Əbəs deyil ki, verilən hər bir qiymət, hər bir dəyər ölkəmizdəki demokratik və şəffaf meyarların atributu olaraq yeni açılımı ortaya qoydu. Bu açılım birbaşa sübut etdi ki, Azərbaycanda aparılan siyasi islahatlar reallığın ölkədə keçirilən seçkilər kontekstində modern etalon faktorunu ortaya qoydu".

"Təəssüf ki, bütün bunların müqabilində bir sara destruktiv qüvvələr - xüsusilə ölkədəki sabitliyi pozmaq istəyən sözdə müxalifət öz rüsvayçılıqlarını gizlətməkdən ötrü uğursuz cəhdlərə əl atdılar" - deyən Bəhruz Quliyev qeyd edib ki, belə cəhdlərin arxasında dayanan faktorlardan biri də Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənipərəst qurumların siyasi oyunbazlıqlarıdır: "Əgər bu gün Bakı şəhərinin mərkəzində 3-5 nəfər, xüsusilə qadınlar AXCP, Milli Şura kimi qurumlar tərəfindən ortaya atılırsa, Əli Kərimli, Cəmil Həsənli kimi şəxslərin təlimatları əsasında müəyyən satılmış şəxslər var-gəl edirlərsə, bu faktın özü sübut edir ki, onlar xalqın seçim iradəsi fonunda aldıqları ağır zərbəni həzm edə bilmək iqtidarında deyillər.

Maraqlıdır ki, postseçki dövründə bu kimi "qüvvələrin" birdən-birə fəallaşmaları məhz beynəlxalq şəkilatların şəffaf və demokratik seçkilərə verdikləri müsbət qiymətlərindən sonra meydana gəldi. Təbii ki, Azərbaycandakı sabitlik gerçəkliyinə, münbit seçki mühitinə xələl vurmaq istəyən bir qrup ünsür öz istəkləri ilə deyil, müəyyən cinahların sifarişləri əsasında bu oyuna qol qoyublar. Amma göründüyü kimi 5-10 nəfərin uğursuz cəhdləri bütövlükdə xalq tərəfindən dəstək almadı".

"Səs" qəzetinin baş redaktoru sonda bildirib ki, reallıq göz önündədir: "Azərbaycan xalqı öz seçimini edib, məqbul saydığı insanları parlamentdə gördüyünü müəyyənləşdirib. Əgər kimlərsə, hər hansı destruktiv qüvvələrsə xalqın iradəsinə qarşı çıxırsa, bu, Azərbaycan dövlətinin maraqlarına qarşı çıxmaq anlamını daşıyır. Hesab edirəm ki, əgər mühüm beynəlxalq təşkilatlar seçkilərin nəticələrini yüksək qoymətləndiribsə, 3-5 nəfərlik qaragüruhçu qrupların cəhdləri, hər hansı qruplara işləmək həvəsləri öz uğursuzluğu ilə nəticəsini tapacaq. Azərbaycan dövləti və xalqı haqq-ədalət yolundadır, bu yol dönməz və sarsılmazdır".