YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb və ölkələrimiz arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycan və Avstriyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi müzakirə edilib.

Azərbaycan ilə Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran Elmar Məmmədyarov ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Avstriya şirkətlərinin Azərbaycanda əməkdaşlıq imkanlarına toxunularaq Azərbaycan ilə Avstriya arasında iqtisadi əməkdaşlığın gündən-günə möhkəmləndiyi və 60-a qədər Avstriya şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi bildirilib.

Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq, Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirilib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri də müzakirə olunub və bu əlaqələrin inkişafına dəstək ifadə edilib.