YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Parlament seçkiləri Azərbaycanın demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.

Bəyanatda deyilir: “2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və ölkəmizin beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub.

Ölkə üzrə 5573 seçki məntəqəsi yaradılıb və Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən seçicilərin 47,81 faizi öz səsvermə hüququndan istifadə edib.

Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının 2020-ci il 29 yanvar tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal altındakı ərazilərindən qovulan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak edib və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edir. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar.

Parlament seçkilərində indiyədək qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb ki, bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Habelə builki seçkilər ötən seçkilərlə müqayisədə qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiyanın təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olub.

Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq ediblər. Seçkilərlə bağlı hər hansı nöqsanlar qeydə alınıbsa, onlar aidiyyəti üzrə ciddi araşdırılacaqdır.

Fevralın 9-da keçirilmiş parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil edir”.