YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP bütün seçkilərə xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası davam edir.
Bu münasibətlə rayonda namizədlər və partiya fəalları ilə geniş tərkibdə görüş keçirilib.
Partiyanın Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır.
Natiq vurğulayıb ki, YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də hər bir seçkidə partiyamızın qələbəsi reallaşır. Fikrimcə, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən YAP Salyan rayon təşkilatı ən layiqli insanların namizədliklərini irəli sürməklə qələbənin təməlini qoyublar.
Görüşdə iştirak edən YAP Nizami rayon təşkilatı qadınlar şurasının sədri Sevda Abdullayeva bildirib ki, bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verəcəyi töhfələrdir. Daha dəqiq desək, ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələr də inkişafa dəstək olduqlarını nümayiş etdiriblər.
YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva qeyd edib ki, YAP ölkədə alternativsiz siyasi qüvvədir. Məhz bu səbəbdən də bələdiyyə seçkilərində də qələbə bizim namizədlərin olacaqdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Eyni zamanda, seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı qadınlar şurasının sədri Fatma Səmədzadə diqqətə çatdırıb ki, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Ona görə də əminliklə demək olar ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan bizim hər birimiz inanırıq ki, bu faktların sayəsində YAP növbəti bələdiyyə seçkilərində qələbə çalaraq, yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətinə yeni inkişaf tempi gətirəcək.
Partiyanın rayon təşkilatı idarə heyətinin üzvü Yaqut Ələsgərova bələdiyyə seçkilərində gənclərə yüksək etimad göstərildiyini bildirib. Onun sözlərinə görə, bir qayda olaraq gənclərə önəm verən YAP rəhbərliyi onların daim inkişaf etməsini, dövlətə və xalqa ləyaqətli xidmət etmələrini istəyir və bu istiqamətdə real addımlar atır.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər də çıxış edərək seçkilərdə qələbə qazanacaqlarına əminliklərini ifadə ediblər. Həmçinin çıxış edən seçicilər də birmənalı olaraq bildiriblər ki, onlar YAP-ın namizədlərinə səs verməklə qəsəbə və kəndlərdəki mövcud inkişafın davam etməsinə zəmin yaratmış olacaqlar.