YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Dini tolerantlıq Azərbaycanda insanların gündəlik həyat tərzidir

Dekabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, şeyxülislam ölkəmizdəki dini vəziyyət və müxtəlif dinləri təmsil edən icmalar arasındakı qarşılıqlı münasibətlər haqqında danışıb. Allahşükür Paşazadə qeyd edib ki, dini tolerantlıq Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir.
Şeyxülislam 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğulayıb. QMİ sədri qeyd edib ki, müasir Azərbaycan cəmiyyətində tolerantlıq ənənəsinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də həmin ənənə davam edir.
Allahşükür Paşazadə tolerantlığın ümumbəşəri xarakter daşıdığını və onun sərhədlərinin olmadığını bildirib.
Şeyxülislamın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edən Derek Hoqan Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər etdiyini və ayrı-ayrı dinləri təmsil edən vətəndaşlarla görüşlər keçirdiyini bildirib. O, həmin görüşlərdə şeyxülislamının tolerantlığın möhkəmlənməsində böyük rol oynadığını dilə gətirdiyini vurğulayıb.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.