YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin 23 dekabr tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, millər vəkili, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyasının Rəsulzadə və Binəqədi qəsəbə Bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş şəxslər və həmin ərazilər üzrə seçicilər iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov Azərbaycanda seçki tarixindən, seçki sisteminin formalaşdırılmasından söhbət açdı. Hər bir vətəndaşın səsvermə hüququndan istifadə etməsinin vacibliyini bildirdi. Bütün seçiciləri qarşıdan gələn Bələdiyyə seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə səslədi. Ramiz Göyüşovun sözlərinə görə ölkəmiz demokratik, hüquqi dövlət olaraq vətəndaşların inkişafı, azadlığı, öz iradəsinin təminatı istiqamətində daim islahatlar həyata keçirir. Seçmək, seçilmək hüququ da vətəndaşlarımıza verilən və Konstitutsiya ilə müəyyən olunan müstəsna hüquqlardan biridir. Bu baxımdan vətəndaşlarımız öz gələcək taleyinə biganə qalmamalı, seçkilərə qatılaraq öz namizədini dəstəkləməlidir.

Kamaləddin Qafarov çıxışında ölkəmizdə bələdiyyələrin təsis olunması tarixindən, bu sahədə qanunvericiliyin formalaşdırılmasından ətraflı bəhs etdi. Bələdiyyələrin inkişafı, inkişaf etmiş ölkələrin bələdiyyələri səviyyəsinə yüksəldilməsi istiqamətində daim işlərin görüldüyünü söylədi. Bələdiyyələr dövlətin və xalqın həyatında önəmli yer tutan bir qurumdur. Onların inkişafı birbaşa dövlətin və cəmiyyətin inkişafına təsir edir. Çünki təyinat əsasında deyil, seçkilərin keçirilməsi, xalqın iradəsi əsasında formalaşan bələdiyyələr yerli özünüidarəetmə orqanı olaraq daim xalqın içindədir, onun sifarişini, istək və arzularını bilir. Təbii ki, bələdiyyələr onlara olan ümidləri tam doğrultmalıdırlar. Bu yüksək məsuliyyəti öz üzərinə götürən bələdiyyə üzvləri daim vətəndaşlarla ünsiyyətini sıxlaşdırmalı, onların rifahına çalışmalıdır. O, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərdə bu keyfiyyətlərin olduğuna inamını ifadə etdi. Millət vəkili qarşıdan gələn seçkilərdə partiya tərəfindən irəli sürülən bütün namizədlərə uğurlar arzuladı.

Görüşdə seçicilər qarşısında çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən Rəsulzadə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Hümbət Hüseynov, Leyli Tahirova, Nurlan Hacıyev, Nəzirə Rzazadə, Çinarə Ağayeva, Binəqədi qəsəbə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Niyaz Niftiyev, Rəşad İsayev, Afiq Qasımov bələdiyyənin inkişafı, seçicilərin maraqları naminə səylə çalışacaqlarını, onlara göstərilən etimadı doğruladacaqlarını söylədilər.