YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkara 3,4 milyon manat güzəştli kredit verilib

Noyabrın 28-də Xəzər rayonunun Binə qəsəbəsində keçirilən işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkara 3,4 milyon manat güzəştli kredit verilib.

Kreditlər əsasən, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel, üzlük daş istehsalı, müasir istixana kompleksinin yaradılması sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Binəqədi rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, ümumilikdə, indiyədək paytaxt və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Bakı qəsəbələrində sahibkarlıq subyektlərinin 949 investisiya layihəsinin maliyyələşdirilməsinə 205,9 milyon manat güzəştli kredit ayrılıb. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 6 min 500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 5401 sahibkara 280 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Həmçinin indiyədək bugünkü kreditlər də daxil olmaqla Xəzər rayonundan olan 255 sahibkara 53,6 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb.