YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi təsdiq edilib

Milli Məclisin noyabrın 28-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Avropa Parlamentinin prezidenti Martin Şultsun qurumun noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında ölkəmizlə bağlı səsləndirdiyi fikirləri şərh edib. Oqtay Əsədov deyib ki, belə adamlar Azərbaycandakı hadisələrə dərhal mənfi münasibət bildirmək əvəzinə, ilk növbədə öz ölkələrində cərəyan edən proseslərə baxsınlar. Avropa İttifaqı ölkələrindəki diskriminasiya hallarını, miqrantlara qarşı mənfi münasibəti, eyni zamanda, başqa dövlətlərdə polislərin qəddarlığını görsünlər. Onlar açıq yalan danışmaqla məşğuldurlar. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq. Deputatlarımız bu qurumun iclaslarında tam sayda iştirak edirlər. Onlardan isə toplantılara 2-3 nəfər qatılır. Biz necə münasibətlə üzləşiriksə, qarşılığında da o cür münasibət göstərməliyik.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək büdcə paketi səsverməyə çıxarılmamışdan əvvəl deputatların üçgünlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxıldığını və büdcədə bəzi dəyişikliklər edildiyini söyləyib. Nazir qeyd edib ki, hökumət elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alaraq bu xərclərin 8 milyon manata qədər artırılmasını məqbul hesab edir. Beləliklə artım baş verdikdə bu məbləğ 150,5 milyon manat təşkil edəcək.
Nazir siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin də nəzərə alındığını bildirib. Qeyd edib ki, 2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Buna görə qanunun 17.1 maddəsinə düzəliş edilməlidir. Bunun tam məbləğdə partiyalar arasında bölüşdürülməsi nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq.
Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Deputatların fikirlərini əsas götürərək hökumət bu məqsədlə əlavə 600 min manat artırılması təklifini də qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə qayğının təzahürüdür. Bundan başqa, deputatlar bələdiyyələrə nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı təkliflər irəli sürmüşdü. Qeyd etmək lazımdır ki, bir neçə il ərzində bələdiyyələrə ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89 faiz təşkil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi idi. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılması məqsədəuyğun deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bu, bələdiyyələrin maliyyə təminatını yaxşılaşdıracaq.
Sonra 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi təsdiq edilib.
İclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxılacaq. Eyni zamanda, “İcbari sığortalar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Məşğulluq haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.
Bundan başqa, Azərbaycan Respublikasının Vergi, Əmək Məcəllələrində dəyişiklik edilməsi haqqında, M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında məsələlərə də baxılacaq.