YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis kənarda qala bilməz

“Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb, təşəbbüslər irəli sürüb. Azərbaycanın inkişafı baxımından öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarlarla dövlətimizin inkişafına mühüm töhfələr verib. Partiyamızın fəaliyyəti Azərbaycan xalqının milli mənafeyinə və dövləti maraqlara söykənməklə Yeni Azərbaycan Partiyasına ümumxalq sevgisi və dəstəyi qazandırıb”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, son dövrlərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar hər bir sahədə möhtəşəm uğurlara və yeniliklərə meydan verib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən islahat xarakterli qərarlar inqilabi səciyyə daşıyır. Bu islahatlar xalqımız tərəfindən təqdir edilir, dəstəklənir. İslahatların biz möhtəşəm nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görə bilərik.

 “Təbii ki, bu genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz.  Partiyamız da haqlı olaraq belə bir təşəbbüs irəli sürüb. Bu təşəbbüs ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır. Bununla partiyamız bir daha bütün məsələlərdə dövlətçilik maraqlarından çıxış etdiyini göstərir. Partiyamız hər zaman olduğu kimi, yenə də Sədrimizin, dövlət başçımızın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəklədiyini, bu siyasətin daha böyük və uğurlu nəticələr verməsi üçün üzərinə düşən qərarları almaqda qətiyyən tərəddüd etmədiyini sübuta yetirir.

Digər tərəfdən Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə bir siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu. Bununla da həm siyasi sistemimiz üçün, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir. Öz fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün daha bir ilkə imza atır. Bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına inanıram”-deyə, deputat qeyd edib.