YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: TANAP Azərbaycanın enerji siyasətində uğurların davamıdır

Noyabr ayının 30-da tək Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi - Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Türkiyə ərazisində 1850 kilometr məsafədə uzanan TANAP Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın növbəti uğurlu olmaqla yanaşı, yeni layihələrə, əməkdaşlıqlara imkan yaratdı, yeni bir nəfəs gətirdi. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakı, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftlə təmin edilməsində payın 25-30 faiz təşkili müasir Azərbayacan Respublikasının dünyada geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizi əfsanəni həqiqətə çevirib. Dünyanın diqqətini yenidən Azərbaycana yönəldən “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsi vasitəsi ilə Azərbaycanın təbii qazı qardaş Türkiyənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına qədər gedib çatdı. Azərbaycanın 16 milyard kubmetr təbii qazının 6 milyardı Türkiyə, 10 milyardını isə Avropa istehlakçıları tərəfindən istifadə edilməsi Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi oldu.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı bildirib ki, bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq.

Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan, geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradıb. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmasının, dünyada enerji ölkəsi kimi əhəmiyyətinin, durmadan artan nüfuzunun göstəricisidir. Məhz bunu üçün TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsinin açılış mərasimində ölkə Prerzidenti İlham Əliyev TANAP-ın ömrünün uzun olacağını, Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəyini qeyd edib.