YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının növbəti kursu təşkil olunub

Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları” mövzusunda növbəti kurs təşkil edib.

Kursda mühazirə ilə çıxış edən Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında geniş məlumat verib. B.Muradova bildirib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının 200 illik tarixi var və bu proses onların XIX əsrdə torpaqlarımıza köçürülməsindən başlanıb. Bütün bu proseslər xalqımız üçün faciələrlə, torpaq itkisi ilə nəticələnib.

Dağlıq Qarabağ münaqişəsinin 1980-ci illərin sonunda başlandığını xatırladan vitse-spiker keçmiş sovetlər birliyinin dağılması ərəfəsində dünya erməniçiliyinə xidmət edən dairələrin Dağlıq Qarabağın Azərbaycandan qoparılması istiqamətində hərəkətə keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində ermənilər torpaqlarımızın bir hissəsini işğal etdilər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı dayandırıldı, cəbhədə atəşkəs elan oldu. Bu da Azərbaycanın inkişafının təmin edilməsi, o cümlədən ordu quruculuğu istiqamətində mühüm addımların atılmasına imkan yaratdı.

B.Muradova qeyd edib ki, münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurası, ATƏT Parlament Assambleyası, Avropa Şurası və digər beynəlxalq qurumlar müvafiq sənədlər qəbul edib. Həmin sənədlərdə də əks olunduğu kimi Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq isə Azərbaycanın tərəfindədir. B.Muradova ATƏT Parlament Assambleyasında çərçivəsində də  Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması yönündə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Münaqişənin həlli ilə bağlı indiyə qədər müxtəlif görüşlərin keçirildiyini, təkliflərin verildiyini deyən vitse-spiker  hazırda prosesin yenilənmiş Madrid prinsipləri üzərində dayandığını söyləyib. Onun sözlərinə görə, bu gün Ermənistanda Paşinyan hakimiyyətindən gözləntilər özünü doğrulmayıb və erməni xalqının durumu acınacaqlı olaraq qalır. Paşinyan hakimiyyəti isə Qarabağ kartından öz məqsədi üçün istifadə etməyə çalışır. Həmçinin, Ermənistan beynəlxalq müstəvidə bir dövlət kimi ciddi qəbul olunmur.

Bütün bunların fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın daha da gücləndiyini, beynəlxalq müstəvidə nüfuzunun artdığını deyən B.Muradova söyləyib ki, beynəlxalq müstəvidə münaqişələrin həllinə münasibətin dəyişməsi, ərazi bütövlüyünün əsas prinsip kimi qəbul olunması, qəbul olunmuş beynəlxalq sənədlər, ATƏT-in Minsk qrupunun həmsədrlərinin status-kvonun qəbulolunmaz olması haqda bəyanatı və s. məsələlər münaqişənin həllində Azərbaycanın üstünlüyünü daha da artırır.

Bugünlərdə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirən B.Muradova belə səfərlərin təşkilinin tərəfdarı olduğunu söyləyib. Onun fikrincə, münaqişə iki tərəf arasında həll olunmalıdır və ona görə də belə səfərlər lazımlıdır.  

Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.

Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlat təqdim olunacaq.